APA-nın yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirdə agentliyin fəaliyyətinə həsr edilmiş filmin təqdimatından sonra çıxış edən Azəri-Press Agentliyinin (APA) baş direktoru Nurşən Quliyev qonaqları salamlayıb. O, APA-nın keçdiyi yola qısa nəzər salıb və bu günə qədər agentliklə əməkdaşlıq edən hər kəsə minnətdarlığını bildirib.
Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək, APA-nı təbrik edib, agentliyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Ə. Həsənov deyib ki, APA ötən 10 il müddətində formalaşmış, hətta beynəlxalq aləmdə rəqabət apara biləcək informasiya agentliyinə çevrilə bilib.
Şöbə müdiri qeyd edib ki, Azərbaycanda informasiya məkanının bugünkü liberal vəziyyətində, mətbuat, söz, informasiya azadlığının inkişafında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır: "Azərbaycan mediasının inkişafına ən önəmli dəstəyi ümummilli lider Heydər Əliyev verib. Ümummilli lider 1998-ci il avqustun 6-da imzaladığı fərmanla Azərbaycan mediası üzərindən bütün tənzimləyici dövlət mexanizmlərini götürüb, senzuranı ləğv etməklə tarixə düşdü, ölkəmizin media nümayəndələrinin yaddaşına əbədi həkk oldu. Onun yaratdığı şəraitin nəticəsidir ki, bu gün Azərbaycanın media orqanları nəinki ölkənin mövcud sahə üzrə ehtiyaclarını ödəyir, eyni zamanda beynəlxalq aləmdə rəqabət aparma səviyyəsinə qədər inkişaf edə biliblər".
Ə. Həsənov deyib ki, 2008-ci ildən Azərbaycanda mediaya dövlət qayğısı, dəstəyi tam şəffaflaşdırılıb: " 2008-ci ildə Azərbaycanda Mediaya Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu, daha sonra KİV-ə Dövlət Dəstəyi Fondu yaradıldı. Həmin vaxtdan etibarən hər il dövlət büdcəsindən şəffaf şəkildə Azərbaycan mediasına dəstək göstərilir. Bu işin banisi, əlbəttə ki, Azərbaycan prezidenti İlham Əliyevdir. Əgər ümummilli lider Azərbaycan mediası tarixində senzuranı ləğv etməsi ilə yaddaşlara həkk olundusa, prezident İlham Əliyev Azərbaycan mediasına dövlət dəstəyini şəffaflaşdırması və bu dəstəyi getdikcə artıraraq sistemləşdirməsi ilə yadda qaldı".
PA rəsmisi bildirib ki, Azərbaycanda mediaya yaradılmış şəraitdən bacarıqlı jurnalistlər və mətbuat təşkilatçıları istifadə edərək öz fəaliyyətlərini qurublar.
Ə. Həsənov APA-nın fəaliyyətindən də söz açaraq, agentliyi fərqləndirən əsas xüsusiyyətlərdən danışıb: "APA beynəlxalq aləmə Azərbaycanın media nümunəsi kimi, həm də sistemli informasiya fəaliyyəti təqdim edən qurum kimi özünü tanıda bilib. Sistemlilik bu agentliyin fəaliyyətini fərqləndirən əsas xüsusiyyətlərdən biridir".
Ə. Həsənov deyib ki, agentliyin uğurlarından biri də operativlikdə fərqlənməsidir: "Bu agentliyi fərqləndirən xüsusiyyətlərdən digəri isə rəqabətə davamlı olmasıdır. Çünki agentlik informasiyanı dünya standartlarına uyğun təqdim etməyi bacarır.APA bir neçə digər agentliklə bərabər bu sahədə Azərbaycanda nümunə yaratmış şirkətlərdən biridir".
Şöbə müdiri qeyd edib ki, APA-nı fərqləndirən əsas xüsusiyyətlərdən biri də agentliyin Azərbaycanın milli maraqlarını, mənafelərini fəaliyyətində nəzərə almasıdır: "Bu agentliyin fəaliyyətində azərbaycançılıq, Azərbaycana bağlılıq, Azərbaycan dövlətinin maraqlarını müdafiə etmə, təmin etmə qırmızı xətlə keçir.APA-nı təmsil edən jurnalistlərin milli və dövlət maraqlarının təmin edilməsi istiqamətindəki fəaliyyətləri təqdirəlayiq sayıla bilər".
Daha sonra çıxış edən "APA Holdiqn"in rəhbəri Vüsalə Mahirqızı APA-nın Azərbaycandakı azad media mühitinin, internet azadlığının yetirməsi olduğunu bildirib. O, Azərbaycan dövlətinin hər zaman medianın, o cümlədən APA-nın yanında olduğunu, diqqətli yanaşdığını deyib və buna görə təşəkkür edib: "Cənab prezident 2010-cu ildə məni "Əməkdar jurnalist" fəxri adı ilə təltif edib. Bu, əlbəttəAPA-nın fəaliyyətinə verilən yüksək dəyərdir. Eyni zamanda jurnalistlər üçün inşa edilmiş binada APA-nın da 5 əməkdaşı evlə təmin olunub. Mən bütün bunlara və hər zaman olan diqqətə görə cənab prezident İlham Əliyevə, Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm".
V. Mahirqızı APA-nın kollektivinə, təbrikə gələn qonaqlara və bu yubileyə həssas yanaşan mediaya təşəkkürünü bildirib.
Daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyev "APA Holding” MMC və holdinqə daxil olan strukturların müvafiq əmtəə nişanlarının patentlərini alması barədə sertifikatı şirkətə təqdim edib.
E. Quliyev qeyd edib ki, bu, Azərbaycanda media qurumları arasında ilk nümunədir.
Böyük Britaniyanın “Global Certfication Limited” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi olan “MEP-CERT” MMC-nin direktoru Canan Ülkü isə “APAHolding”ə “İSO 9001:2008” beynəlxalq standartı üzrə “Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatını təqdim edib.
Tədbir konsert proqramı ilə davam etdirilib.