Antisanitar şəraitdə pendir istehsal edən sex aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinə Bərdə rayonu Mollalı kəndində antisanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan məlumat əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı şikayət öz təsdiqini tapıb. Məlum olub ki, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmir.
Sexdə pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə bitki yağlarından, habelə məhsula yüksək yağlılıq əmtəə görünüşü vermək məqsədilə beta karotin rəngləyici qida boyasından istifadə edildiyi aşkar olunub.
Məhsullardan nümunələr götürülərək ekspertizadan keçirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, araşdırmalar davam etdirilir.
Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.
752