“Garant Holding”in İdarə Heyətinin sədri Anar Məmmədov dünyaca məşhur olan National Geographic Cəmiyyətinin (Milli Coğrafiya Cəmiyyəti) nəzdində fəaliyyət göstərən The International Council of Advisors-un (Beynəlxalq Məsləhətçilər Şurası) üzvü seçilib. Lent.az-ın məlumatına görə, bu barədə Milli Coğrafiya Cəmiyyətinin rəsmi məlumatında bildirilir.
Qeyd edilir ki, The International Council of Advisors 2013-cü ilin yanvarında yaradılıb. Şura Milli Coğrafiya Cəmiyyətinin 125 illik tarixində ən mühüm və uğurlu könüllü rəhbərlər qrupudur.
Şuranın Milli Coğrafiya Cəmiyyətinin 125 illiyi ərəfəsində yaradılmasının məqsədi insanları planetin qayğısına qalmaq üçün ruhlandırmaq naminə xeyriyyə fəaliyyəti ilə fərqlənən təsisçilər arasından 60 üzvün aşkarlanması və müəyyənləşdirilməsindən ibarət olub.
Xatırladaq ki, Milli Coğrafiya Cəmiyyəti 1888-ci ildə təsis olunub. Dünyaca məşhur National Geogprahic jurnalı məhz Milli Coğrafiya Cəmiyyəti tərəfindən buraxılır. Bir müddət əvvəl “Garant Media Holding” və Milli Coğrafiya Cəmiyyəti arasında imzalanmış sazişə əsasən, tezliklə National Geogprahic jurnalı ölkəmizdə, Azərbaycan dilində dərc olunacaq.