Ananın kitabları
05 dekabr 2014 11:01 (UTC +04:00)

Ananın kitabları

0

 

Saçları ağappaq idi.

Uzun, səliqə ilə arxaya daranıb qapqara rezinlə sıxılmışdı.

Əynində uzun qara palto, ayaqlarında qara qısa botular, ayaqlarının arasında yerdə dolu zənbil, qucağında qara dəri çanta, çantanın açıq boğazından çölə boylanan kitablar, üstündə əlləri vardı.

Əllərində qara toxunma papaq.

 

- Özüm toxumuşam bunu, - diqqətlə baxdığımı görüb gülümsədi.

- Mən də toxuya bilirəm, amma özümkünü hazır almışam, - bilmədim heç niyə dedim.

- Ehh, - ah çəkib kənara tfu! elədi.

Qeyri-iradi iki yanımızda oturan, qarşımızda dayanıb başımızın üstünü alan adamlara ani baxdım. Yox, kimsə narahat olmamışdı, kimsə qınamadı. Mən də başımı aşağı salıb daha susmağa qərar verdim.

Bu qadın metro kartım olmadığı üçün 20 qəpik verib, özüm üçün də kartından istifadə etdiyim təsadüfi yol yoldaşım olmuşdu, əvvəl xahiş, sonra təşəkkür etmişdim, təsadüfən də yanaşı oturmalı olmuşduq, vəssalam.

- Bax o cavan oğlana, - bir-iki adam o yanda durmuş dik kəkilli, qulağı sırğa deşikli çəlimsiz gənci göstərdi, - bax o satanistdir.

- Nə bilirsiz, tanıyırsız? – maraqla soruşdum.

- Mən onların hamısını tanıyıram, bütün yolunu dəyişmişləri! – dedi.

- Amma bəlkə də reperdi, - dedim.

- Hə, görmüşük biz o reperləri,yox bir, metallistdir! Mənim bu dəqiqə bir oğlum xristianlığı qəbul eləyib, bir qızım induizmi, o biri qızım vəhabiliyi, bilirsən bunu???

- Nə danışırsız...

- Olanı... Mən anayam axı, nənəyəm həm də. Nə olsun ki, rusam, nə olsun ki ərim sizlərdəndi, nədir o...azərbaycanlıdır. Mənim ərim məni atdı, getdi bir azərbaycanlı aldı, başa düşürsən? – asta-asta ağlamağa başladı, - Mənim uşaqlarım zülümlə böyüdülər, unitaz yuyurdum adamların evlərində, inanırsan? Düzdü ərim pul göndərirdi, amma nəyimə lazım idi pul? Özü gələydi gərək! Onları böyütdüm, biri getdi xaxol qızı aldı, biri indusa qoşuldu, o biri də vəhabiyə. İki aydı bapbalaca qız nəvəmi görmürəm, başa düşürsən? Qucağım üşüyür uşaq üçün...

- Nə baş verdi ki uşaqla? – yanımızdakı kişi soruşdu. Baxdım ki, hamı onu dinləyirmiş

- Mən hardan bilim...- burnunu çəkdi, - Suriyaya getdilər, yoxdular burda, neçə ailə getdi, onlar da onlarla. On dörd yaşlı oğlunu da nədir o...cihad ordusuna veriblər, əri də ordadı...eehhh.. Oğlum atasıyla Leninqraddadı ( Sankt Peterburq ), şeytan bilir xristianlığı niyə seçdi. Ordan zəng eləyir hərdənbir, pul göndərir. Neynirəm mən pulu? Özü gəlsin, ya da məni aparsın. Ehh, tfu! Böyük qızım...evlərinə gedirəmsə, həsrət qalıram adam kimi yemək yeməyə. Ət yemə, araq içmə, siqaret çəkmə... Kiçik qızım isə ümumiyyətlə zülm eləyirdi mənə. Nə alırdımsa, baxırdı üzümə, götürüb aparırdı atırdı zibil qabına. Haram deyirdi, kafir deyirdi. Kolbasa olmaz, donuz əti var. Deyirdim, ay qızım, normal adamlar restorana gedirlər, qaban əti sifariş verirlər. Deyirdi, qaban demə, donuz de! Kafirsən! Biskvit alırdım, atırdı, deyirdi bunun tərkibinə konyak vurublar. Deyirdim, ay qızım, axı bu konyakın dadı heyifdi, həm də orda olsa-olsa cüzi faizlədir. Deyirdi yox, kafirsən ki, kafirsən! Hələ məni bir vəhabiyə ərə də vermək istədilər. Getmədim. Dedim, indi mənim harama yaraşır, 63 yaşım var... Bax, bu zənbildə uşaq paltarlarıdır, hindistanlıya ərə getmiş qızımın uşağı üçün aparıram, gül kimi paltarların hamısının üstündən bəzəkləri qopardıb atıb balaca qızım, kafir şeyləridir deyib. İndi bilmirəm böyük qızım bunları qəbul edər ya yox...heyifdir də, necə həvəslə seçib almışdım onları mağazadan...

- Bu kitablar nədir bəs? – soruşdum.

- Uşaq ensiklopediyasıdır, sovet dövrünün. Sonra.. Çippolina haqda kitabdır, Çukovskinin kitabıdır, bir də “Karlson və balaca”. Mən öz uşaqlarımı onlarla böyütdüm. Mən vicdanlı, ağlı başında olan sovet vətəndaşıydım...hə, nə olsun ki rusam, hə? İndi mənim uşaqlarım bir-birinə düşmən deyir, kafir deyir... Ehhh...tfu!

 

***

 

Kimə tüpürürdü o qadın?

Öz taleyinəmi, ərinəmi, uşaqlarınamı?

Yoxsa cəmiyyətə?

Ya Bakını hörümçək toru kimi sarıb boğan sektalara, ruhani mərkəzlərə?

Sovetlərdən sonra başları daşdan-daşa dəymiş ailələrin övladlarının doğulmağa məcbur olduqları ideoloji boşluğa bəlkə?

Başları nələrə qarışdı o valideynlərin? Müharibəyə, qıtlığa, daha sonra isə atəşkəs dövründə yenidənbərpa ümidi ilə cəngəllik qanunlarına qatılmağa, sağ qalmağa, yaşamağa, həyatdan dördəlli yapışmağa...

Diqqətsiz qaldı övladları.

Diqqətsiz qalmışınsa diqqətini çəkməyə həmən hazır olan nələr və daha nələr var bilsəniz!

Narkotik dünyası, seks və porno aləmi, cinayət və azart cazibəsi almaqda aparmaqda onları analarının, atalarının daima siyasətə, pula, şöhrətə, dinə açıldığından, yalqız övladları üçün boş qalmış qucaqlarından.

Və bir gün mütləq bir sektaya ilişirlər bu uşaqlar, orda yalançı ustadlar oynadırlar onları marionetka kimi, zombilərə çevirirlər, milliyyətini, mədəniyyətini, tarixini, ədəbiyyatını, yazı dilini, danışıq tərzini unutdururlar. Bu uşaqların nə nağılı var öz gələcək körpələrinə danışmağa, nə laylası var oxumağa...

Hələ ki, gec deyil amma.

Hələ ki, bizim – sənin, mənim, daha hansısa bizim nəslə aid olan insanların yaxınlarının evlərində hələ az da olsa sivil və real dünyanın atributları var, hələ kimlərsə tarix öyrənir və yazır, kimlərsə incəsənət və mədəniyyət nədir deyə anlayır, kimlərsə bədii ədəbiyyat yaradır və axtarır, kimlərsə elmin, biliyin gərəkliyini dərk eləyir, amma vaxt olacaq, silinə bilər bütün bunlar da, təsəvvür edirsiz???

 

***

 

- 20 yanvar stansiyası! – qadın səsi salona yayıldı.

Mən durub qapıya sarı yönəldim.

Qapılar bağlandı...

 

P.S. Ayılmaq, geriyə diqqətlə baxmaq üçün hələ çox gecikməmişik məncə, gəlin bunu edək...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar