4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lent.az-a bildirib ki, Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırır.
Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları (MPQ) təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda mina və MPQ-lərlə çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.
MTM-nin fəaliyyəti 26 rayon və şəhəri əhatə edir. Bura həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün düşərək cəbhə bölgələrində məskunlaşmış əhali kateqoriyası da daxildir.
2004/2005-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, ANAMA və UNİCEF rəhbərləri arasında Anlaşma Memorandumu (AM) imzalanıb ki, bu da MTM proqramının orta məktəblərin tədris kursuna inteqrasiyasını nəzərdə tutur.
Bu günə kimi, 26 rayon və şəhərin 1200 məktəbində 3635 müəllimə 195 təlim keçirilmişdir. Hər il orta məktəblərdə 55000 şagirdə MTM dərsləri keçirilir. İndiyə kimi bu dərslər orta məktəblərin 765000 şagirdini əhatə edib. Bir qayda olaraq, hər il “4 Aprel Günü” proqramın əhatə etdiyi 26 rayonun 1200 məktəbində minlərlə şagird və müəllim tərəfindən də anılır.
MTM Proqramı çərçivəsində həyata keçirilən bütün fəaliyyətin nəticəsi olaraq, son illərdə minadan və MPQ-lərdən zərərçəkənlərin sayı minimuma enib.
4 Aprel gününü qeyd etmək məqsədi ilə MTM şöbəsi tərəfindən ANAMA nəzdində çalışan bütün qrup və bölmə rəhbərlərinə, supervayzerlərə və regional bazaların menecerlərinə tədbirlər planı göndərilib. Bu gün Ağstafa, Ağcabədi, Füzuli, Göygöl, Xızı, Şirvan, Tərtər rayonlarında və Cəbrayıl rayonunun azad olunmuş Cocuq Mərcanlı kəndində əməliyyatçılarımız tərəfindən müxtəlif formada görüşlər, brifinqlər, müzakirələr və maarifləndirmə tədbirləri həyata keçirilir. Eləcə də, MTM Şöbəsinin Meneceri tərəfindən Cocuq Mərcanlı kənd tam orta məktəbində şagird və müəllimlərə mina təhlükəsinə dair maarifləndirmə barəsində geniş məlumat təqdim olunub.
Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən bugünədək 533,435,430 kv.m (53,343.5 ha) ərazi yoxlanılıb, 802,894 ədəd mina, partlamamış hərbi sursat və müharibənin partlamamış qalıqları aşkar edilərək zərərsizləşdirilib.