“Təhsillə elmin vəhdəti zəruridir. Azərbaycan elminin inkişafı bu vəhdətdən asılıdır”. bunu AMEA prezidenti Akif Əlizadə bildirib.
Akademik bildirib ki, AMEA-da neçə illərdir, təhsillə elmin vəhdətinin yaradılmasına çalışılır: “Belə fikrə gəldik ki, AMEA-ya tələbələri dəvət edib, institutların laboratoriyalarında onları işlə təmin edək. Tələbə alimin yanında işləyərək həm inkişaf etsin, həm də elmin ən ümdə problemlərinin həllinə qatılsın. Bu, səmərə verdi. İkincisi, elmlə təhsilin vəhdəti üçün Akademiya institutlarında baza kafedralarının yaradılmasını qərara aldıq. Ali məktəblərin rektorları bu təşəbbüsü dəstəklədi və biz baza kafedralarını yaratdıq”.
A. Əlizadə onu qeyd edib ki, AMEA-da olduğu kimi, universitetlərdə də elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində addımlar atılmalı, müvafiq kafedralar yaradılmalıdır. O, orta məktəblərdə Elm Guşələrinin yaradılması təşəbbüsü ilə də çıxış edib: “Qoy, şagirdlər Elm Guşəsində toplaşaraq, elmlə bağlı müzakirələr apara bilsinlər”.
A. Əlizadə onu da bildirib ki, AMEA-nın inkişafı ilə bağlı 2020-ci ilə qədər dövrü əhatə edən konsepsiya hazırlanmalıdır.