“AMEA-nın elmi tədqiqat müəssisələri, respublikanın digər əlaqədar təşkilatları, eləcə də ayrı-ayrı vətəndaşlar tərəfindən tamamlanmış və ya icrası davam etdirilməkdə olan elmi tədqiqat və texniki yaradıcılıq layihələrinin orijinal nəticələrinin iqtisadiyyatın müxtəlif sferalarına geniş tətbiqi zəruridir. Bu isə öz növbəsində, elmi fəaliyyət sahəsində innovativ mexanizmlərin tətbiqi istiqamətində islahatların həyata keçirilməsini zəruri edir.” Lent.az-ın məlumatına görə, bu sözləri AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında səsləndirib.
İclasda səsləndirilən təkliflər nəzərə alınmaqla AMEA Rəyasət Heyətinin nəzdində İnnovativ layihələrin ekspertizası və koordinasiyası şurasının yaradılması qərara alınıb və qurumun tərkibi təsdiq edilib. Şuranın sədri AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, sədr müavinləri AMEA prezidentinin müşaviri, AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İnnovasiya şöbəsinin müdiri Rəhim Hüseynov və AMEA Geologiya İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə elmlər doktoru Kamran Rüstəmov təyin olunub.