Mili Elmlər Akademiyasında Muğamşünaslıq üzrə elmi mərkəzin yaradılması müzakirə olunub. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğamşünaslıq elminin əhəmiyyətindən, əhatə dairəsinin genişliyindən, bu problemlərlə məşğul olan müxtəlif elm sahələrində çalışan alimlərin fəaliyyətinin əlaqələndirilməsi zərurətindən geniş bəhs edib. AMEA-nın prezidenti muğamşünaslıq üzrə mövcud olan potensial bir mərkəzdə cəmləşdirmək üçün qarşıda duran vəzifələri nəzərə çatdırıb.
A. Əlizadə muğam sənətinin həm ictimai və humanitar elmlərin işığında, həm də dəqiq elmlərin və təbiət elmlərinin inteqrasiyası ətrafında tədqiq etməyin vacibliyini qeyd edib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə muğam sənətinə dair problemlərin tədqiqi ilə tarixi, fəlsəfi, filoloji, pedoqoji və muğamşünaslıq istiqamətləri üzrə məşğul olduğunu qeyd edib. İ. Həbibbəyli müasir dövrün tələblərinə uyğun olaraq Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq mərkəzinin, yaxud şöbəsinin yaradılmasını təklif edib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda muğam sənəti ilə məşğul olan bir neçə elmlər doktoru və fəlsəfə doktorunun fəaliyyət göstərməsi, iki doktorantın tədqiqat aparması orada belə bir qurumun yaradılmasına əsas verir. Yeni yaranacaq quruma ilkin olaraq “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusunu hazırlayıb çap üçün təqdim etmək tövsiyə olunub.