Mağazalarda alıcını aldadanları AĞIR CƏZA gözləyir - 15 min manatadək cərimə, həbs...
Bəzən aldığı məhsulu evə gətirdikdən sonra müştərini qane etməyən məqamlar olur və onu geri qaytarmaq istəyir. İstehlakçı malların geri qaytarılması zamanı isə bir sıra problemlərlərlə üzləşir. Hazırda geyim mağazalarında, alınan malla birlikdə verilən qəbzi göstərmək şərtilə, 14 gün müddətində məhsulu geri qaytarmaq yox, hər hansı başqası ilə dəyişmək mümkündür. Qəbz itirildikdə isə artıq həmin məhsulu geri qaytarmaq imkansız olur. Bəs hansı hallarda istehlakçı aldığı məhsulu geri qaytara bilər, hansı hallarda qaytara bilməz?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a bildirib ki, alınan malların qanunvericilikdə nəzərdə tutulan formada və zamanda geri qaytarılmaması istehlakçıların hüquqlarının pozulması deməkdir. Onun sözlərinə görə, mağazalarda alınan malların geri qaytarılmaması ilə bağlı yazılan elanlar "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna ziddir.
O bildirib ki, malların satılması və geri qaytarılması ilə bağlı heç bir daxili qayda ölkədə qüvvədə olan qanunlardan üstün deyil.
Ekspert qeyd edib ki, alınan mal istehlakçının tələblərini ödəməyibsə, dəyişdirilə bilər, əgər onun tələbinə uyğun mal yoxdursa, tam dəyəri qaytarılmaq şərtilə qaytarıla bilər.
Onun sözlərinə görə, qanunda istehlakçının tələbini ödəməyən mal 14 gün müddətində, qəbzin olması, malın görünüşünün pozulmaması şərtilə dəyişdirilə, əgər dəyişməyə uyğun mal olmazsa, bu halda qaytarıla bilər.
AİB sədri bildirib ki, dərman preparatları da qəbzin olması şərtilə 14 gün müddətində dəyişdirilə və qaytarıla bilər: “Bəzən əczaxanalarda alınan dərmanların geri qaytarılmaması və ya dəyişdirilməməsi ilə bağlı elanlar vurulur. Bu da istehlakçı hüquqlarının pozulmasıdır. Buna qarşı dövlət orqanları, İqtisadiyyat Nazirliyi tədbir görməlidir. Eləcə də ərzaq malları istehlakçının tələbatını ödəməyibsə, problem yaranıbsa, belə hallarda istehlakçı malı qaytara və dəyişdirə bilər. Qanunda boşluqlar da var. Qanunda yazılır ki, mal gərək xüsusiyyətini dəyişməmiş və açılmamış olsun. Əgər vətəndaş aldığı yağı, pendiri aparıb evdə açmayıbsa, onda onun keyfiyyətsiz olduğunu necə bilməlidir?".
Eyyub Hüseynov deyib ki, dəyişdirilməsi və qaytarılması mümkün olmayan malların siyahısında haqsızlıq amilləri də var: “Məsələn, qızıl və qızıl məmulatları geri qaytarılmayan və dəyişdirilməyən mallar siyahısındadır. Biz bunun haqsız olduğunu düşünürük. Yaxud parfümeriya malları da həmçinin. Kitab qaytarılan malların siyahısındadır. Bu isə kitab satıcıları üçün haqsızlıqdır. İstehlakçı kitabı oxuyub qaytara bilər. Belə anormal məqamlar da var. Uşaq oyuncaqları qaytarıla bilməz. Çünki uşaqlar həssas təbəqədir. Ona görə də uşaq oyuncaqlarının geri qaytarılması və ya dəyişdirilməsi qadağandır”.
O qeyd edib ki, istehlakçılar malların geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı hər hansı problemlə üzləşdikdə ya AİB-ə ərizə ilə, ya da 195-2 telefon nömrəsi vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.
Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşovun sözlərinə görə, hər birimiz gündəlik həyatda müxtəlif tələbatlarımızı təmin etmək üçün istehlakçı kimi mülki münasibətlərə daxil olur çox zaman da qeyri-qanuni məhdudiyyət və hüquq pozuntusu riskləri ilə qarşı-qarşıya qalırıq: “Mağazalarda tez-tez “alınan mallar geri qaytarılmır ” və buna bənzər digər lövhələrə rast gəlirik. Bu, istehlakçı hüquqları baxımından vətəndaşlarımız üçün çox ciddi pozuntudur.
Mülki Məcəlləsinin 623-cü və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 15-ci maddəsində alınan malın geri qaytarılması məsələləri tənzimlənir. Alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər. Təbii ki, malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımı hesablaşmalar aparılır. Bu zaman mülki məcəllənin 623.1-ci maddəsinə əsasən, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytarıb mal üçün ödədiyi pul məbləğini geri ala bilər.
Bəzən satıcılar qəbzin artıq kassaya vurulduğuna görə alınan malı qaytarmağın mümkün olmadığını deyirlər. Bu, absurd əsasdır. İstənilən kassa qəbzini ləğv etmək mümkündür, bu istehlakçının hüququdur”.
Dəyişdirilməsi, yaxud qaytarılması mümkün olmayan mallar hansılardır?
Vəkil bildirib ki, Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında” 114 saylı, 21 may 1998-ci il tarixli qərarı ilə qəyişdirilməsi mümkün olmayan malların siyahısı təsdiq edib.
Bu siyahıya qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir.
Vəkil əlavə edib ki, istehlakçı qanunla məhsul onu qane etməsə, tələbatına uyğun olmasa, digər bütün qeyri-ərzaq məhsullarını aldığı mağazaya qaytara bilər: “Bu hüquqları pozan sahibkar, mağaza sahibi, konkret məsul, vəzifəli şəxs bilməlidir ki, törətdiyi əmələ görə məhkəmə qaydasında mülki və inzibati, hətta cinayət məsuliyyətinə cəlb edilə bilər.
Hüquqları pozulmuş istehlakçı mülki qaydada məhkəməyə müraciət etməklə təkcə dəymiş zərəri deyil, eyni zamanda mənəvi ziyanın da kompensasiya olunmasını, məcburi şəkildə maddi təzminat alınmasını tələb edə bilər. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 26-cı maddəsində yazılıb ki, istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərinin də ödənilməsini həll edir. Hətta istehlakçılar hüquqlarının pozulması barədə məhkəmədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.
Sahibkarlar bilməlidirlər ki, istehlakçıların hüquqlarının pozulması nə qədər ağır olarsa, onlar barəsində o qədər də daha ciddi cəza tədbirləri tətbiq edilə bilər. Bu cür əməllər sahibkarlar üçün həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər”.
O bildirib ki, İnzibati Xətalar məcəlləsinin 447-ci maddəsi istehlakçıların inzibati məsuliyyətə səbəb olacaq hüquqlarının pozulması hallarını və bu cür pozuntulara görə tətbiq edilə biləcək cərimələri müəyyən edir: “İstehlakçıların hüquqlarının pozulmasına, yəni: mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda (maksimum 300 manatadək) aldadılmasına; saxlama müddəti ötmüş məhsulların satılmasına; standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə; nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə; ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına; ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməməsinə; qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilərlər”.
Onun sözlərinə görə, istehlakçı hüquqlarının daha ciddi pozuntuları zamanı sahibkarlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər. .Cinayət məcəlləsinin “İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma” adlanan 200-cü maddəsi məhz bu haqdadır.
Qeyd edək ki, həmin maddəyə görə, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (300 manatdan 3000 manatadək), aldatma üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, külli miqdarda (3000 manatdan artıq) ziyan vurmaqla törədildikdə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkil əlavə edib ki, bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
3151