Akademiklərdən açıqlama: “Bu abı-hava dəyişikliyinə çoxdan ehtiyac vardı!”
Azərbaycanın tanınmış akademikləri “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) barədə son 6 ayda baş verənlərdən danışıblar. Lent.az xəbər verir ki, akademik, Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, AzTV-də son 6 ayda baş verənlər televizya tarixində indiyə qədər olmayıb: “Mən də uzun illərdir ki, Azərbaycan Televiziyasında “Azərbaycan dili” verilişini aparıram. Bu televiziya mənim üçün həm də bu baxımdan doğmadır. Deməliyəm ki, son 6 ayda baç verən yeniliklərin, dəyişikliklərin fonunda televiziyanın indiki rəhbəri Rövşən Məmmədov olduqca yaxşı, hazırlıq mütəxəssisdir. Həm politoloq kimi, həm də televiziya işçisi kimi. Həm cəmiyyəti, həm siyasi prosesləri, həm də televiziya işini yaxşı bilir. Bu vaxta qədərki televiziya rəhbərlərindən fərqli olaraq o, özü də televiziyanın işində aparıcı-şərhçi kimi iştirak edir. Hesab edirəm ki, bu, televiziyanın işinə fayda verəcək. Efirdə də dəyişikliklər artıq hiss olunur. Daha çox dinamizm, hərəkətlilik diqqət çəkir. Hadisələr daha canlı şəkildə, daha çevik şəkildə təqdim olunur. Bütün bunlar özünü aparıcıların nitqində, üslübunda və hərəkətlərində də göstərir. Temp xeyli yüksəlib, mövzularda da müasirləşmə hiss olunur. Dövlətçilik mövqeyini daha analitik təqdimetmə nəzərə çarpır. Ancaq mənə elə gəlir ki, bu dəyişikliklər başlanğıcdır. Ümidlər böyükdür, düşünürəm ki, daha ciddi işlər, dəyişikliklər, inkişaf üçün imkanlar var. Proses yeni başlanıb, əgər bu templə davam ediləcəksə, yeni keyfiyyətlər müşahidə edəcəyik. Milli televiziyamızda bu yeniliyə ictimai dəstəyi əsirgəməməliyik”-deyən, akademik Cəfərov vurğulayıb ki, son zamanlar hərbi mövzulara həsr olunan verilişlər AzTV-də diqqət çəkir: “Eyni zamanda, tok-şouları xüsusi olaraq qeyd edə bilərəm. “Əsas məsələ”, “Nəsillərin debatı”, “GəncSən” və sair tipli tok-şouların olması yaxşı haldır. İdeyaların müzakirəyə çıxarılması, problemlərin müzakirələrlə təqdim olunması müsbətdir. Düzdür, bizim cəmiyyətimiz adətən müzakirəyə meyl göstərmir, deklorativ təqdimetməyə üstünlük veririk. Müzakirələrlə təqdim olunan ideya özünə daha çox yer tapır, nəinki deklorativ tərzdə. Düşünürəm ki, yeni aparıcılar, hadisələri yalnız təqdim edə bilən yox, həm də şərh edə bilən teleaparıcılara ehtiyac var və inanıram ki, başlanmış müsbət axın davam edəcək”.
Akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov isə bildirib: “AzTV-də bu abu- hava dəyişikliyinə çoxdan ehtiyac vardı! Azərbaycanın birinci və əsas televiziyası və radiosunun da, bütövlükdə ölkə efir məkanının da havasında ağırlıq haçandır ki, aydın şəkildə duyulmaqdadır. O qədər aydın ki, bundan hər kəs danışır və həmin kəm-kəsirlər ayrı-ayrı yumoristik, satirik səhnəciklərin də mövzusuna çevrilib. İndi Bakıda fəaliyyət göstərən teleradiolarımızdan tutmuş bölgələrədək xeyli kanalımız var. Lakin bundan ikiqat artıq olsa da, ana teleradiomuz öz əsas və aparıcı gücünü saxlamaqdadır, hər zaman olduğu kimi bu gün də ona meyar kimi baxılır. Və xeyli dərəcədə ölkənin efir ab-havasıını məhz AzTV fəaliyyəti müəyyənləşdirir. Bu, nə qədər yaxşıdırsa, o birilər də özlərini daha artıq cəmləyir, səfərbər edir, bu, nə qədər zəifdirsə, digərləri də eyni nisbətdə gücsüzləşirlər. Çünki ölkə efir məkanı həm də elan edilməmiş bir yarış meydanıdır. Çox sevindirici haldır ki, nəhayət uzun sürən durğunluq dövrü başa çatıb və AZTV-nin həyatında elliklə intizarında olduğumuz yeni mərhələ başlanıb. Bu yeniləşmə, müasirləşmə, günün nəbzini tuta bilmək, zövq yüksəlməsi hər gün daha artıq duyulur. Həm də bu saflaşma, illərcə davam edən süstlükdən qurtularaq dərindən nəfəs almaq, yeni həvəslə, çağdaş efir tələbləri səviyyəsində iş aparmaq yalnız gözlərimizin önündə olan ekranda, təqdim olunan verilişlərdə müşahidə edilmir. AzTV-nin daxili həyatına da onillər boyu bələd olan bir insan kimi görür və fərəhlənirəm ki, şirkətdə mənəvi sağlamlaşma necə könülaçan nəticələr verməkdədir. Şirkətdən qaçaq salınmış, müxtəlif subyektiv səbəblərlə sevdiyi sahədən uzaqlaşdırılmış, amma hələ çox faydalar verə biləcək mütəxəssislər yenidən iş başındadırlar, vaxtilə dedi-qodularla çalxalanan kollektiv indi qaynar işgüzarlıqla doludur, çoxlu yeni və istedadlı cavanlar cəlb edilib, əvvəlki əsəbi, qanılqara mühitdən əsər-əlamət yoxdur. Sanki əməkdaşların şövqü, çalışmaq həvəsi, ilhamı da artıb. Bu isə ən mühüm olanıdır. İllər boyu çox dərinə işləmiş buz qatını bir neçə ay içərisində xüsusi radikal addımlar atmadan belə uğurla dəyişə bilmək, AzTV mühitində canayatan yaradıcılıq mühiti formalaşdırmaq qətiyyən rahatlıqla başa gələn sadə iş deyil. Buna nail olunub!. İnanıram ki, ən çətin olan həmin mərhələ keçilibsə, demək, qarşıda bizi AzTV-nin daha ürəkaçan nailiyyətləri gözləyir. Azərbaycan Televziya və Radiosu hamımızındır. “Hamımızındır” deyərkən mən yalnız ölkəmizdəki milyonlarla daimi tamaşaçı və dinləyicimizi nəzərdə tutmutram. İnternet vasitəsi ilə bizi Yaxın və Orta Şərqdə, Rusiyada, Avropada, Amerikada, dünyanın dörd bucağında mütəmadi izləyən on milyonlrala insanı da düşünürəm. Hansı auditoriya qarşısına çıxdığının məsuliyyətini heç vaxt unutmamalısan. Yeniləşən AzTV-nin ən böyük uğuru mənə görə, ilk növbədə bundan ibarətditr ki, həmin məsuliyyət artıq dərk edilib. Yeniləşmələr o qədər ardıcıl, qənaətbəxş və effektlidir ki, burda – bizdə də bəyənilir, buralardan uzaqlarda – xaricdəki seyrçilərimiz, eşidənlərimiz tərəfindən də razılıqla qarşılanır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev isə deyib ki, bu gün Azərbaycan Televiziyasında dünyanın aparıcı televiziyalarının ab-havasını, tərzini hiss etmək mümkündür: “Mən mütəxəssis deyiləm, amma tamaşaçı kimi bu televiziyada ciddi dəyişikliklər, xüsusilə müasirləşmə hiss edirəm və buna süktla yanaşa bilmirəm. Bu amil televiziyaya geniş tamaşaçı auditoriyası qazandırır. Deyərdim ki, AzTV Azərbaycan teleməkanında olan boşluğu doldurur və xalqımızın milli-mənəvi dəyərlərinin qarantı rolunda çıxış etməyə başlayır”. Akademik Əliquliyev Azərbaycan Televiziyasında son 6 ayda baş verən dəyişiklikləri şərh edərkən bildirib ki, artıq AzTV baş verən hadisələrə operativ reaksiya verir, dövlətimizin informasiya siyasətini uğurla həyata keçirir: “Hadisə yerindən hazırlanan reportajları, canlı bağlantıları xüsusilə qeyd etmək olar. Eyni zamanda, çox sayda intellektual verilişlərin meydana çıxması, cəmiyyəti maraqlandıran mövzular ətrafında diskussiyaların aparılması, Bədii Şuranın yaradılması, mədəniyyət xadimlərinin cəlb olunması, yeni, gənc və müasir təfəkkürlü aparıcıların, əməkdaşların efirdə görünməsi olduqca təqdirəlayiq haldır. Televizya rəhbərliyinin fəaliyyətini, yanaşmasını çox yüksək qiymətləndirirəm. Rövşən müəllim və onun ətrafında yaxşı komanda formalaşdığı hiss olunur. Televiziyada inzibati amirlik metodlarının deyil, yaradıcı mühitin hakim olduğu görünür. Elm ictimaiyyətinin nümayəndəsi kimi deyə bilərəm ki, televiziyaya elm ictimaiyyətinin münasibəti də yaxşıya doğru dəyişir, çünki efirdə bu sahəyə də xüsusi diqqət ayrılır”. Azərbaycan Televiziyasının bütün dünyaya yayımlanmasının ölkəmizin dünyada tanıdılması, təbliği və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətini qeyd edən R.Əliquliyev bildirib ki, efirin rəngarəngliyi televiziyanın auditoriyasını da genişləndirib: “Uşaqdan böyüyə, hər statusda, hər yaşda adam üçün televiziyada maraqlı, faydalı verilişlər var. AzTV-nin qarşısında kommersiya məqsədləri yoxdur. Televiziya Azərbaycan dövlətinin maraqlarını ifadə edir, cənab prezidentin ölkəmizin inkişafı uğrunda həyata keçirdiyi məqsədyönlü siyasətə informasiya dəstəyi verir”. R.Əliquliyev Azərbaycan Radiosu barədə də fikirlərini bölüşüb: “Azərbaycan radiosu barədə eyni sözləri demək olar. Radioda dinamiklik artıb, modernləşmə hiss olunur, tamaşaçı ilə interaktiv təmas diqqəti çəkir”.
951