Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası “Azərbaycanın elm və mədəniyyət xadimləri ” seriyasından görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici nəşr edib. Lent.az-a verilən məlumata görə, nəşrin tərtibçi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, redaktoru AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və bölmə müdiri İsmət Səfərovdur. Biblioqrafiyada alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və b. daxil olunub.
Biobiblioqrafiyada AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Böyük insan, unudulmaz alim” adlı məqaləsində, akademik Əhliman Əmiraslanovun “Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb.
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, həyat və fəaliyyəti haqqında və onun barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilib.