Otellər müxtəlif olur. Üçulduzlu, beşulduzlu, yeddiulduzlu. Bu oteli isə fərqləndirən onun ulduzları deyil, orda yaşayanlardır. “Markiz”, “Keti”, “Pirat”, “Məstan”, “Kanti”... Bunlar “Pişiklər üçün otel”in dördayaqlı sakinləridi. Buranı onlar üçün elə yeddiulduzlu otel də adlandırmaq da olar. Beşdə alacaqları yox, üçdə verəcəkləri. Rəngbərəng yuvalarında şah balası kimi yaşayırlar.
“Buranın əsil adı “Azerbaijan Animal Rescue Center”di. Öz aramızda “Pişiklər üçün otel” deyirik. Əvvəllər şəhərin mərkəzində balaca baytarlıq klinikası kimi fəaliyyətə başladıq. İyun ayında bura köçdük. Gördüyünüz kimi ərazimiz də, şəraitimiz də böyüyüb. Hələ ki, ancaq itlər və pişiklər üçün xidmətlərimiz var. Bütün heyvan sevənlərə burdan səslənirik. Gəlin, bizdən götürün heyvanları. Biz sizə pulsuz, tərtəmiz heyvanlar təklif edirik. Klinikamızda ən müasir texnikadan istifadə olunur. Burada heyvanların müayinə və müalicə mərkəzində yüksək ixtisaslı xarici baytarlar xidmət göstərir”. Bunu otelin PR meneceri Nailə Əliyeva deyib.
Oteldə iki baytar həkim fəaliyyət göstərir. Cərrah və terapevt. Cərrah - Süzan İngiltərədən gəlib, terapevt isə İrandan, Bicay Ziyayi. Nailə xanımla söhbət edirdik ki, stulda yatan pişik gözümə dəyir. Öyrənirəm ki, bu “Keti”dir. Öz evindən çox PR menecerin otağını sevir. İlk fürsətdə qaçıb burda yatır. “Keti”yə yaxınlaşdım. Pişik heç qorxmadı da. Sadəcə gözlərini açıb baxdı və təkrar yuxuya getdi.
Küçə pişikləri ilə bunları müqayisə edirəm. Bakının küçələrində yüzlərlə ac pişik, üstəlik də bəzi insanların qeyri-insanı davranışlarına məruz qalırlar. Küçə pişiklərinə çörək atsan belə, daş sanıb qaçırlar. Burdakı pişiklər isə o qədər insan məhəbbəti, qayğısı görür, özlərini burda o qədər güvəndə hiss edirlər ki, o küçə pişikləri üçün kədərləndim haradasa.
Mərkəzin imkanları məhdud olduğundan onlar küçədə gördükləri hər heyvanı burda saxlaya bilmirlər. Oteldə 38 it, 60-dan çox pişik yaşayır. Pis vəziyyətdə gətirilən bu heyvanlar indi tam sağlamdırlar və öz yeni sahiblərini gözləyirlər. Burda onların balalamasının qarşısı da alınıb. Heyvanlar sterilizasiya və kastrasiya olunublar. Yəni, axtalanıblar. Burda ayrıca baytarlıq xidmətləri də var.
Bir az da qiymətlər barədə. Pişik və itlərin müayinəsi 15 manatadır. Evində heyvan saxlayanlar bilirlər ki, vaxtaşırı onların da dişləri təmizlənməlidir. Bundan əlavə burada cərrahiyyə əməliyyatları da aparılır.
“İtlərdən söhbət gedirsə, iki cür itlər var. Qulaqları dik duran və sallanan. Sallanan qulaqlı itlərin qulaqlarını daha tez-tez çirklənir. Qulağında ağrı olmasın deyə vaxtı-vaxtında təmizlənməlidir. Bir də adətən balaca itlərin qulaqlarında çox çirk olur. Sahibləri onları yuyundurmağı çox sevdiyi üçün balaca itlərdə soyuqdəymə olur”. Bunu bizə “Penti”nin qulağını təmizləyən baytar-terapevt Ziyayi deyir.
Proses bir az ağrılı olduğundan “Penti” gözlərini bərəldib baxır, həkimin əlindən qaçmağa çalışır.
Bu oteli pişiklər itlərlə paylaşırlar. Gündüzlər açıq havada gəzir, axşamçağı isə bağlı yerlərə keçirlər. İtlər daha mühafizəkar heyvan olduğundan onları narahat etməmək üçün pişiklərin yanına keçirik. Baş çəkdiyimiz ilk yer daha böyüklərin, yəni yaşlı pişiklərin otağıdır. Hava mülayim olduğundan bəziləri həyətə gəzməyə çıxmışdı. Amma evə qonaq gəldiyini görüncə, bir-bir pəncədən gəlməyə başladılar. “İt əppəyə, uşaq məhəbbətə” deyiblər. Amma deyəsən elə heyvanlar da məhəbbətə qaçırlar axı?
İçəri girən kimi bir sarı pişik əvvəl topu ilə oynayıb diqqət çəkdi, sonra başladı ayağıma dolanmağa. Adının “Kanti” olduğunu öyrənirəm. Sən demə, bu “Kanti” evin ən nadinc pişiyidir. Beş aylıqdı. Deyəsən məni də gözünə kəsdirib. Daim diqqətimi özünə cəlb etməyə çalışır. Axır ki, dayana bilməyib qucağıma alıram. Qucağımda elə dayanıb ətrafa baxır ki, sanki qucağım onun qalasıdır. Həm də çox qısqancdı. Başqa pişikləri əzizləməyə imkan vermir. Hansına əl uzadıramsa, əlimdən vurur, etiraz edir.
Ramin Əzizov artıq iki ilə yaxındır ki, burada supervayzer işləyir. Heyvanlarla işləməyi könüllü seçib.
- Eşitdim ki, belə bir yer var, böyük məmnuniyyətlə işləməyə gəldim. Onlarla işləmək çox maraqlıdı. Gün hardan başlayıb, harda bitir adamın heç xəbəri olmur. Hər pişiyin özünəməxsus xarakteri var. Bunun adı “Ozmo”du. Evin son beşiyidir. “Kanti” çox nadincdi, “Dior” sakitdi. Hara qoysaz, saatlarla oradaca qalacaq. Evin ağsaqqalı “Qarabalad”ı. On iki yaşı var. Gözləri görmür. Lakin buna baxmayaraq sərbəst hərəkət edir, ağaca dırmanır. Yeməyini yeyir, qızdırıcının yanında uzanır. Bu yeri özü seçib. Ümumiyyətlə, pişiklərin hamısı yerlərini özləri seçib. Və heç vaxt biri digərinin yerində yatmaz. Otelimizin əsas qaydası nizam-intizamdı. Təzə gələnə də birinci qaydaları öyrədirik. Bir, iki gün çətin olur sonra bunlar yad pişiyə, yad pişik isə bunlara öyrəşir.
R. Əzizov deyir ki, küçədən gətirilən heyvan əvvəlcə karantində saxlanılır. Xəstəliyi yoxlanılır, yarası varsa, müalicə və əməliyyat olunur. Küçə heyvanları çox çətinlik yaşadıqlarından təzə gələn vaxtlar onlarda aqressiya olur. Amma bir-iki günə alışırlar.
- Evin qocaman pişikləri – “Markiz”, “Bella”, “Pirat”, “Qarabala” təzə gələni səslə qorxudurlar. Təbii ki, o da sözünü deyən pişikdirsə, o da səslə onlara reaksiya verir.
“Pirat”ın bir ayağı, “Məhəbbət”in isə quyruğu yoxdu. Birinin ayağı, digərinin quyruğu qırıq olduğundan həkimlər amputasiya ediblər. “Məhəbbət”in vəziyyəti “Pirat”dan daha pis olub. “Yaşamaz” deyildiyi vaxtda “Məhəbbət”in yarası sağalıb. Dörd aydır ki, burda yaşayan “Məhəbbət”in dörd yaşı var.
Oteldə pişiklərin günlük qida rasionu ilə də tanış oluruq. Səhər yeməyi düyü, yer kökü və file qarışıq kaşadan ibarətdir. Günorta isə file və jele “Viskas” verilir. Axşama yenə file.
Quru yeməkləri isə daim qabaqlarında olur. Yəni, yedikləri önündə, yemədikləri arxasında. Pişiklərə sümük vermək olmaz. Sümüyü tam çeynəyə bilmədikləri üçün mədələrinə ziyan ola bilər. Sadəcə, arada toyuğun bud sümüyünü vermək olar ki, bu da dişlərinə xeyirdi.
Yeməkdən danışmışkən, sizə “Marqo” və “Bella”dan deyim. “Marqo”nun üç yaşı və üç balası var. Gəncədən gətirilib. Hər ikisi buranın aristokrat pişikləridir. Bunları digərlərindən cəhət yemək qaydalarıdır. “Aristokrat”lar yeməyi əlləriylə (pəncə) yeyirlər. Sən demə, “Bella” otelə gələndən yeməyi qabdan əlliylə götürüb yeyib. Buna baxan “Marqo”da zamanla onun kimi yeməyə başlayıb.
“Asteliks” isə evin ən kök pişiyidir. Təzə gələn vaxtlar çox arıq olub. Üç yaşlı “Asteliks”in çəkisi 5 kilo 450 qramdır. İl yarımdır ki, oteldə qalır. Təzə gələn vaxtı çəkisi 2 kilo 600 qram olub. Mədə-bağırsağında piylənmə gedən “Asteliks”i bu yaxınlarda dieta gözləyir.
Əgər siz 1-2 günlük ezamiyyətə gedirsizsə, heyvanınıza baxan yoxdursa, onu evdə tək qoymayın. Gətirin bu otelə. Pişiklər günü 15, itlər 25 manat qarşılığında burda gecələyə bilər. Əgər heyvanın yeməyini də özüylə birgə gətirsəz, qiymətlər daha ucuz başa gələr.
Baxın, beləcə bir neçə saat onların arasında oldum. Bu heyvanlar həqiqətən insanın ruhunu dincəldir. Pişiklər üçün “otel”ə gəlin! Əmin olun ki, sizin də məhəbbətinizi qazanacaq bir “Kanti” tapılacaq.