Aprelin 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli, 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin, müharibə veteranları və əlillərinin, şəhid ailələrinin rifah halının yüksəldilməsinin ölkə prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb. S. Müslümov bildirib ki, ötən ay prezidentin imzaladığı fərman və sərəncamlara əsasən, 86 452 nəfər şəxsin müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə artırılıb. Bu artımların maliyyələşdirilməsinə aylıq olaraq 2,1 milyon manat vəsait sərf olunacaq. İlin sonuna kimi qeyd olunan artımlara 19 milyon manat vəsait xərclənəcək.
Nazir bildirib ki, bu qayğının davamı kimi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə qanunvericiliyə edilən dəyişikliklərlə belə şəxslərin ödənişli təhsil alan uşaqları 2014/2015-ci tədris ilindən etibarən ödənişli təhsil haqqından azad ediliblər. Bu kateqoriyadan olan şəxslərin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək. S.Müslümov bununla yanaşı, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin minik avtomobilləri ilə təmin olunması istiqamətində tədbirlərin görüldüyünü bildirib.
S.Müslümov vurğulayıb ki, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Ağdam rayonu ilə yanaşı, cari ildə Bərdə, Goranboy,
Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri nazirliyin
saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə
veriləcək.