Gənclər üçün Təhsil Mərkəzi Ağcabədi rayonunda növbəti tədbirlərə başlayıb. Lent.az-ın məlumata görə, tədbirlərin keçirilməsində məqsəd rayondakı gənclərin ictimai və sosial inkişafına, təşəbbüskarlığının artırılmasına, müxtəlif ideyalarının reallaşdırılmasına dəstək verməkdir.
Ağcabədi rayonunda keçirilən tədbirlər bir neçə mərhələdə icra olunacaq. İlkin mərhələdə “Gənclərin İnkişaf Akademiyası” yaradılacaq, onun strukturu formalaşdırılacaq və fəaliyyət göstərməsi üçün zəruri təlimlər keçiriləcəkdir. İkinci mərhələdə isə yaradılmış Akademiya vasitəsilə gənclərin inkişafına yönəlmiş fəaliyyətlər nəzərdə tutulur.
Layihə rəhbəri Qızılgül Teyyubovanın verdiyi məlumata görə, sözügedən tədbirlər Bakı, Mingəçevir, Sumqayıt və Hacıqabulda başa çatıb. Hazırda həmin regionlarla yanaşı, Ağcabədi rayonunda da gənclərin iştirakı ilə sosial aksiyalar, tədbirlər, müsabiqə və yarışlar, mədəni və idman tədbirləri təşkil olunur. Bunlarla yanaşı, həftə sonlarında layihə iştirakçıları ilə aktiv gənc liderlərin, deputatların, media rəhbərləri və digər tanınmış simaların görüşləri keçirilir.
Xatırladaq ki, yaradılan Akademiya Mərkəzin Ağcabədi rayonundakı regional ofisi daxilində fəaliyyət göstərəcək. Artıq bununla bağlı zəruri şərait də yaradılıb.