Abşeron yarımadasında yerləşən Bozdağ-Qobu vulkanının bu il aktivləşib püskürmə ehtimalı var.
Bunu Lent.az-a açıqlamasında AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, vulkanın ilin hansı ayında püskürəcəyini demək çətin olsa da, püskürmə xüsusiyyətlərini və s. nəzərə alaraq bu il reallaşacağı ehtimalı var: “Bozdağ-Qobu vulkanının sonuncu püskürməsi 20 il əvvəl olub. Vulkan 1999-cu ildə püskürüb. Həmin vulkan püskürəndə 200-300 metrə yüksələn alov sütunu yaranır. Hərarət 100 metrə kimi vurur. Püskürmə zamanı dağıntılar baş vermişdi. Məsələ ondadır ki, hazırda həmin vulkana 100 metrdən də yaxın məsafədə yaşayış evləri tikilib.
Vulkanın yaxınlığında 8-10 il əvvəl bir-iki ev tiksələr də, sonradan dayandırdılar. Problem ondadır ki, son iki il ərzində orada çoxlu yeni evlər tikilib. Üstəlik evlər krater sahəsinə (vulkanın mərkəz hissəsinə) yaxın tikilib. Başqa bir problem odur ki, insanlar ərazidə yaşadığı üçün ərazini zibilləyirlər".
A.Əliyevin dediyinə görə, vulkan püskürəndə zibil də sovrulur ki, bu da ətraf mühitin ekologiyasına ziyan vurur. Şöbə rəhbəri bildirib ki, vaxtilə püskürmə olanda mərkəz hissədə əmələ gələn çatlardan biri 1100 metrə qədər gedərək Hökməlı qəsəbəsinə çatıb. O vaxt həmin çatın getdiyi ərazidə 3 yaşayış evi var idi, sonradan qorxulu vəziyyət yarandığı üçün sakinləri oradan köçürdülər. "İndi də həmin çatın gedib çatdığı ərazidə böyük bir qəsəbə yaranıb. Vulkanlar müxtəlif olduğu üçün evlər tikiləndə hər vulkan üçün məsafəni seçmək olur. Təhlükə yaranmaması üçün bəzi vulkanlardan 500-600 metr məsafədə, bəzilərindən bir km aralı yaşayış yeri salınmalıdır. Çünki şiddəti püskürmə zamanı axıntı gəlib yaşayış evlərini də basır”.
A.Əliyev Binəqədi qəsəbəsinə yaxın olan Keyrəki vulkanının da ətrafında yaşayış massivinin yarandığını əlavə edib.
Professor qeyd edib ki, Keyrəki vulkaın 2001-ci ildə püskürəndə orada cəmi 2-3 yaşayış evi olub: “Vulkan püskürəndən sonra sakinlər təşvişə düşsələr də, bir müddət sonra unuduldu və binların sayı artdı. 2007-ci ildə Prezidentin sərəncamı ilə “Palçıq Vulkanı Qoruğu” yarandı. Qoruq zonasına düşən vulkanların yaxınlığında tikinti işləri aparmağa icazə verilmədiyi üçün vəziyyət bir az yaxşılaşdı. Amma bir neçə il keçdikdən sonra yenidən tikinti işləri başladı.
İnsanlar hardasa məskunlaşmalıdır, amma yaşayış salınacaq ərazinin təhlükəli olub-olmadığı nəzərə alınmalıdır. O zaman biz qoruğun direktoru ilə görüşdük, sakinlərlə danışdıq. Hətta o vaxt vulkanın yamacında ev tikirdilər. Vulkanın yaxınlığında yaşayışın qarşısı o zaman alınsa da, hazırda yenə orada yaşayırlar. Vulkan da vaxtaşırı püskürür. Sonuncu püskürməsi 2017-ci ildə olub. Yaxşı ki, həmin vulkan güclü püskürmür. Güclü püskürmə oland alov stünu alınır. Yüksək hərarət yaranır, onun yaxınlığında durmaq olmur. Çatlar əmələ gəlir”.
A.Əliyev onu da bildirib ki, püskürmə hər il olmur, vulkanın eneji toplanması lazımdır: “Hər halda təbiətdə hadisələr gözlənilmədən baş verir. Vulkan yaxınlığında heç bir təsərrüfat işləri, kommunikasiya işləri aparılmamalıdır ki, yatmış vulkan oyanmasın. Əks halda süni şəkildə püskürməsinə səbəb oluruq”.