Ağıllı insan olar, ancaq “ağıllı ev” kəlməsini çoxu birinci dəfədir ki, eşidir. Çünki bu sistem sadəcə bir toxunuşla evin bir çox işlərini həll edir, özü də dünyanın hər yerindən. İndi bu texnologiya Azərbaycanda da mövcuddur. Bütün yenilikləri ilk olaraq ölkəmizə gətirən Azərbaycanın aparıcı mobil operatoru Azercell Telekom MMC “Ağıllı ev” layihəsini də təqdim edən ilk şirkət oldu. Azercell dekabrın 2-5-də baş tutan 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel-2013” sərgi və konfransında yeni texnologiyalar sahəsində “Ağıllı Ev” (“Smart Home”) adlandırılan layihə ilə ziyarətçilərin hüzuruna çıxdı. İlk olaraq sərginin açılışında iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə nümayiş etdirilən “Ağıllı ev” geniş izləyici marağına da səbəb oldu. “Bakutel”in artıq ənənəvi iştirakçılarından olan Azercell Telekom MMC ziyarətçilərə şirkətin texnoloji yenilikləri, həmçinin Bakı və şəhərətrafı
əraziləri əhatə edən 4G sistemini, mobil və simsiz cihazlar sahəsində
yeniliklərini nümayiş etdirdi.
“Ağıllı ev” nədir?
“Ağıllı ev” ən qabaqcıl texnologiyaların avtomatlaşdırılmış sistemi olan M2M (Machine to Machine) vasitəsilə daha rahat və maraqlı yaşayış tərzi üçün çoxlu sayda funksiyaları yerinə yetirməyə imkan verir. Bu layihə mobil telefon vasitəsilə məişət proseslərini avtomatlaşdırmaq və bütün evi məsafədən idarə etməyə şərait yaradır. “Ağıllı Ev” proqramı istifadəçilərin təhlükəsizliyi və rahatlığı üçün mənzildəki elektron və məişət cihazlarını nəzarətdə saxlayır. Bu proqram kommunal xidmətlərin optimallaşdırılması və onların məsrəflərini azaltmağa kömək edir. Hətta, evdən uzaqda olduqda belə, elektrik təminatı, qaz və su, işığı yandırıb və söndürmək, evdə olmayanda qonaqlar üçün qapını açmaq, unutduğunuz elektrik cihazları məsafədən söndürmək (televizordan tutmuş mikrodalğalı sobaya kimi), təhlükəsizlik sistemini işə salmaq və s. mümkündür. İsti havada evə gəlməzdən əvvəl kondisioneri yandırmaq, jalüzləri bağlamaq, yeməyi qızdırmaq da olar. Mobil telefonun bir neçə düyməsini basmaqla uzaqda olduqda belə evdə işıqları söndürmək və ya yandırmaq, pəncərə və ya qapıları açmaq, hansısa elektrik cihazını (televizordan tutmuş mikrodalğalı sobaya kimi) işə salmaq və s. mümkündür. Avtomatlaşdırma elementləri vahid bir platforma əsasında istifadəçinin ehtiyaclarına maksimal intellektual formada cavab verir. “Ağıllı Ev” istənilən halda öz sahibinə gözlənilməz vəziyyət haqqında mobil rabitə vasitəsilə xəbər verəcək və bununla da onun əmlakını qorumuş olacaq. “Ağıllı Ev”i dünyanın istənilən nöqtəsində mobil telefonla idarə etmək mümkündür.
Bir düymə ilə rahatlıq...
Azercell Telekom MMC-nin Marketinq və ünsiyyət vasitələri şöbəsinin rəhbəri İlkin Hüseynov deyir ki, bu layihə bütün dünyada “Smart home” adlanır, yəni “Ağıllı ev”: “Bu sistem evinizin bütün elektron cihazlarının idarə edilməsini təmin edir. Məsələn, su, qaz, elektriklə bağlı işləri tənzimləyir. Evdən çıxan zaman bir düyməyə basaraq bütün kommunikasiya xətlərini bağlamış olursunuz. Sonra narahat olmursunuz ki, suyu bağladım ya yox və s. Kimsə evə qonaq gəlir və siz evdə yoxsunuz. Evinizin zənginin
düyməsinə basılanda sizə mobil telefon vasitəsilə məlumat gəlir ki, “evə gələn var”. Siz dərhal kameraya qoşulub gələn qonağın kim olduğunu öyrənirsiniz. Əgər onu evə buraxmaq istəyirsinizsə bir düymə ilə qapını açırsınız, evə dəvət edirsiniz və hətta hər bir şərait yaradırsınız. İşığı, televizoru yandırırsınız, qəhvə dəmləyirsiniz. Bundan başqa əgər işdən evə gedirsinizsə və evin isidilməsini arzu edirsinizsə gəlməzdən öncə bir düyməyə basaraq bunu həyata keçirə bilərsiniz. Evə gələndə sizin istirahətiniz üçün hər bir şərait yaradılır”. Qeyd edək ki, Azercell şirkətinin bu layihədə rolu internetin, bağlantının 4G üzərindən daha rahat və güvənli olmasını təmin etməkdən ibarətdir. İ. Hüseynovun fikrincə, əsas məqsədləri “Ağıllı ev”i yalnız imkanlı təbəqənin deyil, eyni zamanda orta təbəqənin də istifadə edə bilməsi üçün yardım etməkdən ibarətdir: “Bizə suallar verilir ki, nə qədər cihaz yerləşdirmək lazımdır və s. Əsas məsələ büdcəni müəyyənləşdirməkdir. Xaricdən gətirilən cihazların qurulması 10 minlərlə, bəlkə də 100 minlərlə dollara başa gəlir. Bu isə orta təbəqəli insan üçün çox vəsaitdir. Bizim çalışdığımız baza cihazlarını təmin etməkdir ki, bir cihaz lazım olsun və onun da qiyməti elə müəyyən olunsun ki hər kəs evində quraşdıra bilsin. Biz də Azercell olaraq bütün interneti, mobil cihazları təmin edək”. Şöbə rəhbərinin sözlərinə görə, “Bakutel” sərgisindən sonra bu layihənin üzərində daha da çalışacaqlar: “Sərgi zamanı sorğu formasında müraciətlər almışıq. Maraqlananlara yaxınlaşıb soruşuruq ki, bu evdə nəyi görmək istərdiniz, neçəyə və s. Müraciətləri qəbul edirik və sonra toplayıb statistika çıxaracağıq. Məsələn, 10 min nəfər müraciət edib və onlardan 9 mini “Ağıllı ev”in dəyərini 100-200 manat məbləğində görmək istəyir. Bundan sonra biz artıq onun iqtisadi tərəfini düşünəcəyik və geniş bazara buraxacağıq. Bu sistemin tətbiq olunduğu dünyanın bir çox ölkəsində, məsələn ABŞ-da aylıq ödəniş mövcuddur. Amma bu “Ağıllı ev”ə görə deyil, yalnız internet trafikinə görə götürülür. Cihazları Azercell şirkəti deyil, başqa şirkət satır.
Azercell bu cihazlara mobil telefondan internet vasitəsilə qoşulmanı təmin edir. Amerikadakı model Azərbaycanda tətbiq olunarsa, istifadəçidən aylıq yalnız internet xərcləri alınacaq. Bizim üçün əsas bu layihənin geniş yayılmasıdır. Ən sərfəli hansıdırsa onu tətbiq etməkdir”.
Hazırda Azercell ABŞ-ın bir neçə şirkətilə “Ağıllı ev” layihəsi çərçivəsində əməkdaşlıq edir. İlkin məlumatlara görə, Azərbaycanda bu xidmətdən istifadə edən yoxdur. Buna oxşar xidmətlər var. Azercell “Ağıllı ev” layihəsi çərçivəsində dövlət müəssisələri üçün də bəzi layihələr nəzərdə tutub. Məsələn, “Ağıllı sayğac”, “Ağıllı küçə”, “Ağıllı şəhər” və s.
Şirkət digər layihələri kimi bunun da uğurlu olacağına inanır. Azercell Telekom mobil texnologiyalar sahəsində öz abonentlərinə ən qabaqcıl həllər təqdim etməkdə, biznesin idarə edilməsi üzrə ən effektiv üsullara çıxış imkanı və gündəlik ehtiyacların qarşılanması üçün geniş imkanlar yaratmaqda davam edir.