Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə 19 854 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 429 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çox) qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 6 425 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 876 sənəd (1 079 ərizə, 674 məktub, 123 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Bildirək ki, daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (3 624 zəng) və cümə (3 414 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (1 592 müraciət) və cümə (1 568 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.