"O körpə uşaqlar mənim üzümdəki qanı yuyurdular, silirdilər. Mənə inandırmağa çalışırdılar, "ata yaxşı olacaqsan" deyirdilər. İndi çalışıram ki, uşaqlara o stresi unutdurum".
Nicat Dağlar. Jurnalist. Ailəlidir. Bir oğlu, bir qızı var. Bu ilin yanvar ayında burnundan qanaxmalar başlayıb. Əvvəl 2-3 gündən bir baş verən qanaxmaların qarşısını evdə alan jurnalist həkimə müraciət etmir. Sonra bədənində yerini dəyişən qara ləkələr - qançırlar əmələ gəlir. May ayında qanaxmalar daha güclü olur. Öz ağrılarını ailəsindən gizlədən jurnalist sonda hər şeyi etiraf etməli olur. Jurnalist APA TV-yə başına gələnləri belə danışır: "Övladlarım da həmin vaxt evdə idilər. Çox körpədirlər. Mənim artıq qan axmadan gözlərim görməməyə başlayırdı. Artıq taqətimi itirmişdim. O qədər qan aparırdı. Mən qan içindəydim. Təcili yardım çağırdıq. Təcili yardım gəldi. İnanın, evə daxil oldular və evdə hansı vəziyyəti gördülərsə, həkimlər də dəhşətə gəldilər. Hətta qorxdular ki, məni xəstəxanaya çatdıra bilməzlər".
Bakı şəhəri 4 saylı xəstəxanaya çatdırılan xəstəyə burun-qulaq həkimi qan təzyiqi diaqnozu qoyur. Qanaxmasının qarşısı alınır. Hər şey yaxşı kimi görünür, Nicat evlərinə qayıdır. Bir müddət sonra qanaxma təkrarlanır, üstəlik yorğunluq, halsızlıq, sürətli arıqlama və s. fəsadlar da ortaya çıxır.
Xəstəxanaya çatdırılan Nicat həkimlərin məsləhəti ilə qan analizi verir. Ondan gizlətsələr də, ailəsinə bəd xəbər verilir: Leykoz - qan xərçəngi
ARAYIŞ: LEYKOZ xəstəliyi onkolojı xəstəliklər qrupuna aid olub, qan yaradıcı sisteminin şiş xəstəliyidir. El arasında bu xəstəlik "ağ qanın qırmızı qanı yeməsi" kimi tanınır. Əsas qanyaradıcı orqan olan sümük iliyində şiş hüceyrələrin inkişafı normal qanyaranmanın qarşısını alır, qırmızı qan kürəciklərinin miqdarı tədricən azalaraq elə bir həddə çatır ki, qan doğurdan da "ağarır".
Vaxtında aparılmayan müalicə xəstənin ölümü ilə nəticələnir. Hər 100 000 insandan 13-ü bu xəstəliyə tutulur.
Müalicə olunması üçün Tiflisə aparılan Nicata həkimlər xəstəliyini deyirlər. Əlavə edirlər ki, onda xəstəlik çox təhlükəli mərhələdədir.
Ancaq ümid də var: böyük pullar, Almaniya və ya İsraildə müalicə: "Mənim üçün də böyük pul elə ölümə bərabər bir şeydir, əgər söhbət yüz minlərdən gedirsə..."
Dərdini biləndən sonra jurnalist öz həyat yoldaşına tapşırır ki, heç kəs onun xəstəliyindən xəbər tutmasın. Xanımı isə onun halını Nicatın mətbuatdakı dostlarından birinə çatdırır. Beləcə bütün media ondan yazır.
Bir gün sonra Tiflisə xəbər gəlir ki, Azərbaycan prezidenti İlham Əliyev Nicatın müalicəsini öz üzərinə götürüb. O, tezliklə Almaniyaya aparılır, müalicəsinə başlanır. Nicat çox sürətlə sağalır. Nicat onlara bildirir ki, buna səbəb onun ümidləri, içindəki sağalmağa olan inamıdır.
Xəstəliyin müalicəsi üçün vacib olan "İlik köçürülməsi"nə də ehtiyac qalmır. Onda xəstəliyin "müalicəyə tabe olan" növünün olduğu məlum olur. 4 aydır, xəstəliklə mübarizə aparan Nicat Almaniyaya son yoxlamalar üçün fevral ayında gedəcək. Hazırda aylıq qiyməti 7 - 8 min olan dərman qəbul edir. Leykositlərin sayı qaydasına düşüb. İdmanla məşğul olur.
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli bildirir ki, bitkilərin və heyvanların tutulduğu xərçəng xəstəliyi yüz min illər öncə də olub. Arxeoloji qazıntılar zamanı tapılan dinozavr sümüklərində də xərçəngin olduğu aşkarlanıb. Baş onkoloq bildirir ki, xəstəliyin xalq arasında "həyatın sonu" kimi anlaşılması düzgün deyil: "Xəstəliyin birinci - ikinci mərhələsində tam sağalmağa nail olmaq mümkündür. Məsələn, statistik məlumatlar var ki, 28 il, 35 il bu xəstəliklə dispanser qeydiyyatdadır və həmin insanlar da yaşayırlar".
Bu gün Azərbaycanda rəsmi qeydiyyatda olan 31954 xərçəng xəstəsi var. Onlardan 12 mini 5 il və 5 ildən yuxarı yaşayanlardır. Azad həkim deyir ki, xəstəliyin ilkin mərhələsində aşkarlanması üçün insanlar ildə bir dəfə analiz verməlidir. Vaxtında aşkarlanan xəstəlik müalicə olunur, ən azından xəstənin ömrü bir neçə il uzanır. İnsanlar başqa xəstəlikdən əməliyyat olunan da histoloji müayinədən keçməlidir. Hüceyrələrindəki vəziyyəti yoxlanmalıdır. Bu məsələyə digər ixtisaslı həkimlər də ciddi yanaşmalıdır. Xəstələrini əmin olmaq üçün hüceyrə müayinəsinə göndərməlidirlər.
Onkoloq qeyd edir ki, hər bir qadın 40 yaşından sonra ildə bir dəfə mamoqrafik müayinədən keçməlidir. Çünki qadınlar arasında süd vəzi xərçəngi geniş yayılıb. Kişilər isə siqaretdən uzaq olmalıdır. Bunlar xərçəngin yayılmasını xeyli azalda bilər.
Əks halda xəstənin sağalmaq şansı azalır. Ya da müalicəsi külli miqdarda pul tələb edir. Bu məbləğə isə hamının imkanı çatmır.
Bu gün özünü sağlam və gümrah hiss edən Nicat Dağlar bunları deyir: "Həmişə bir inamınız olsun ki, hər şey yaxşı olacaq. Gözləmədiyiniz yerdən sizə bir ümid körpüsü yaranır".