Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, toplantıda bildirilib ki, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən kliniki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir. Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarından birinə çatdırılır.
Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.
Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərinin digər BŞX-larından birinə köçürülür.