<span style="color:red;">Yanan binaya köç başladı:  “Hər şey var, çatmayanları da alacaqlar” - <span style="color:red;">REPORTAJ
28 sentyabr 2015 19:05 (UTC +04:00)

Yanan binaya köç başladı: “Hər şey var, çatmayanları da alacaqlar” - REPORTAJ

Hə, aylardı gözlənilən gün gəlib çatdı. Binəqədidə yanan binanın sakinləri bu gündən evlərinə köçürlər.

 

Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 16 mərtəbəli binanın qarşısındayıq. Səhərdən başlayan köç günorta saatlarında daha da intensivləşib. Şəhər İcra Hakimiyyəti sakinlərə yardımlarını təklif etsələr də, sakinlər köçlərini özləri daşımaq qərarına gəliblər. Çünki köçləri də o qədər ağır deyil. Əsasən, üst geyimi,  yorğan-döşək.

 

Budur, növbəti maşın binaya yaxınlaşır. 15 saylı mənzilin sakinləriymiş. Xanım xalagil 9-cu mərtəbədə olurlar. Həyat yoldaşı, oğlu və qızının ailəsiylə birgə iki otaqlı evdə yaşayırlar.

 

Əşyalarını daşımaqlarına kömək edirik. Binaya girir-girməz gözləri dolur Xanım xalanın.

 

- Heyf ölənlərdən...

 

Gözləriylə dəhlizi gəzir:

 

- İndi onların ruhları burdadı...

 

Və daha bir neçə yarımçıq fikir səsləndirib susur. Doqquzuncu mərtəbəyə qədər heç birimiz danışmırıq. “Bismillah”, deyib açarı evin qapısını açır. Evinin təmir olunmuş halını görüb ürəyi açılır, gözləri gülür.

 

Əvvəl qonaq otağına keçirik. Burada təzə divan-kreslo, güzgülü kamod, qab şkafı , stol-stullar var. Əvvəldən də evinin təmirli olduğunu deyir.

 

- Oğlumu evləndirəsiydim deyə tam “remont” etdirmişdik. Hər şeyimiz vardı. Yenə də çox şükür! Əsas odur o cür yanğından salamat çıxdıq. Bizim üçün əllərindən gələni elədilər. Sağ olsunlar! Nədə çatmır, deyirik. Deyirlər, edəcəyik, narahat olmayın.

 

- Nə çatmır?

 

- Özünüzün də gördüyünüz kimi evdə ancaq mebel, pərdələr, paltaryuyan və qaz sobası var. Yorğan döşəyi özümüz almışıq. Lakin televizor, soyuducu və lazımlı digər əşyalarımız yoxdu. Onu da deyiblər, yaxın günlərdə alacaqlar. Oğlumun Musiqi Mərkəzi vardı, kompüteri vardı, kamerası vardı, kondisionerimiz vardı. Krediti heç hələ bitirməmişdim.

 

- Prezidentin sərəncamıyla baş vermiş yanğın hadisəsi nəticəsində zərər dəymiş əmlaka görə ilkin olaraq 20 min manat birdəfəlik maddi yardım müəyyən edilmişdi. Siz bu yardımı almadınız?

 

- Almışıq.

 

- Yanğında bütün əşyalarınız yanmışdı?

 

- Hamısı yox. Salamat qalanlar da hisə batmışdı. Yuduq da ələ gəlmədi. Bir divan idi, onu da çıxardıq ki, tamamən islanıb, istifadəyə yararsız hala düşüb.

 

- Qızıl-zinət əşyası qalmışdı?

 

- Min beş yüz manat pulumuz vardı, yanıb. Deyiblər onu da verəcəklər. İstintaq bitsin sonra. Hələ məhkəmə gedir

 

- Yanğından sonra harda qalırdınız?

 

- Yeddinci mikrorayonda kirayənişin qalırdıq. Bütün kommunal xərcləri və aylıq kirayə haqqını da dövlət ödəyirdi.

 

Yataq otağı da mebellə tam təchiz olunmuşdu. Binanın təmiri tapşırılmış “Azəraqrartikinti”nin sahə rəisi Vüqar Əliyev də ordaydı. Deyir, bu qədər qısa müddətə binanın təmirini tam başa çatdırmaq üçün ötən 4 ay ərzində 500 fəhlə və usta gecə-gündüz fasiləsiz işləyiblər. Binada 59 mənzil əsaslı təmir olunub. Mənzillər mebel və məişət avadanlıqları (paltaryuyan və qaz sobası) ilə təmin edilib. Bu günə qədər artıq 32 ailə mənzillərinə köçüb.

 

Binanın digər sakini Nemətov Ərəstun Qarabağ müharibə veteranı olduğunu deyir. Evinin təmirindən tam razı qaldığını deyən ata Nemətovdan fərqli olaraq oğul Nemətov təmirdən və verilən kompensasiyadan narazıdır.

 

- Evimiz üç otaqlı olsa da, sənədlə ayırmışıq. Atamgil ayrı yaşayır, mənim ailəm ayrı. 20 mini atamgilə versələr də, mənə heç nə çatmadı. Təmirə də gəlincə, gəlin özünüz də baxın. Hamamda krantın kənarı dağınıqdı, “oboy” artıq qopur, “pol”un taxtası sökülür. Təmirdə istifadə edilən bütün materiallar bahalı və keyfiyyətlidir. Sadəcə pula qənaət etmək üçün ucuz işçi qüvvəsindən istifadə ediblər.

 

Binanın həyətində olduğumuz müddətdə digər ev sahibləri də danışmaq imkanımız oldu. Onlar da digərləri kimi məişət əşyalarının yoxluğundan narazı idilər.

 

Söhbət gəzirdi ki, yanğın zamanı yaxınları itirmiş ailələr daha bu binada yaşamaq istəmirlər. Bu məsələyə də aydınlıq gərirdik. Öyrəndik ki, üç ailə evinə kömək istəmirmiş: yanğında həlak olmuş balaca Məhərrəmov Fərəh və Kərimova Ayanın ailəsi və daha bir ailə. Məhərrəmovlar əvvəl ayrı evə köçmək istəsələr də, sonradan fikirlərini dəyişiblər. Kərimovlar da eləcə. İndi bir ailə qalıb. Onlar da ki, iki qardaş bir evdə yaşadıqları üçün ortaq qərara gəlməyiblər. Qərarları dəqiqləşsə, onlara da başqa yerdən ev təklif olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar