"Əsas odur, düz yolda öləsən" - Aprel şəhidinin son sözləri öz səsindən... - VİDEO
18 aprel 2017 12:49 (UTC +04:00)

"Əsas odur, düz yolda öləsən" - Aprel şəhidinin son sözləri öz səsindən... - VİDEO

 

 

"Qaqaş, mənim işim-gücüm Vətənə xidmət eləməkdir də. Bunu yaxşı bilirsən ki. Əvvəldən axıra kimi mən də bu həyatı, bu yolu seçmişəm də".

 

Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunda dünyaya gəlib. Onun hərbçi olmaq istəyi hələ orta məktəb illərindən yaranıb. Bu da təsadüfi olmayıb. Ravilin babası Mirzə Novruzov İkinci Dünya müharibəsinin, bir əmisi Əfqanıstan müharibəsinin, digər əmisi isə birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

 

Atası Elman Novruzov deyir ki, Ravil uşaqlıqdan hərbçi olmaq arzusu ilə böyüyüb: "Həmişə deyirdi, mən böyüyəndə hərbçi olacağam, böyüyəndə torpaqlarımızı işğaldan azad edəcəyəm. Həvəskar idi, deyirdi, niyə mən də hərbçi olmayım".

 

2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ravil geri qayıtdıqdan sonra yenidən Vətənə xidmət etmək üçün Xızı rayon Hərbi Komissarlığına müraciət edir və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayır.

 

Şəhidin orta məktəb müəllimi, onun haqqında yazılan “Burda bir igid ölüb” kitabının müəllifi Aydın Baybəyim Ravilin hərbiyə xüsusi marağının olmasının onun bütün həyatına təsir etdiyini deyir: "O vaxtlar da hiss olunurdu ki, onun iradəsi, nəyəsə həvəsi var, xüsusilə də hərbiyə. Hərbiyə aid şeirlər keçəndə onu xüsusi əzbərləyirdi. Hiss olunurdu ki, uşağın daxilində nəsə bir şey oturub, o da nə vaxtsa büruzə verəcək və verdi. Bütün hərəkətləri onu sonda sözün həqiqi mənasına igid, qəhrəman elədi".

 

Anası Nargilə Novruzova oğlu ilə son görüşünü belə xatırlayır: "Novruz bayramında evdə idi. Ayın 28-i gəldi evə, mənə dedi, çantamı yığ, gedəcəyəm. 3-4 günlük burda olmayacağam. Dedi, kursa gedirik. Axırıncı dəfə o gedən getdi. O, hərbini sevirdi, böyük marağı var idi. Çünki göz açıb hərbçi ailəsində anadan olmuşdu. Hərbi formanı əyninə geyinəndə fəxrlə dayanırdı. İş yoldaşları, komandirləri arasında böyük hörmət qazanmışdı. Müdafiə Nazirliyi tərəfindən 5 dəfə mükafatlandırılıb".

 

"Yaxşı olacaq. Əsas odur düz yolda öləsən. Onsuz da haçansa öləcəyik də". Bu sözləri Ravil öz dostuna yazıb. Onun ən böyük arzusu isə Azərbaycan bayrağını Kəlbəcərdə dalğalandırmaq olub. Qardaşı Mirzə Ravilin bu arzusunu yerinə yetirmək üçün döyüşməyə hazır olduğunu deyir: "Şəhidlik böyük bir zirvədir, hər adama qismət olmur. Ravilin timsalında bütün şəhidlərin qisasını almağa hazırıq".

 

Qeyd edək ki, aprel döyüşləri zamanı şəhid olan Ravil Novruzov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

APA TV

Oxşar yazılar