Yay gəldikdə bir çox insan sağlamlıq, istirahət və cazibə ilə assosiasiya olunan tünd bürünc dəri rəngi, yəni qaralma əldə etməyə çalışır. Amma doğrudanmı günəşlənmək faydalıdır?
Lent.az xarici mediaya istinadən müasir tibdə qaralma ilə bağlı fikirləri və günəş şüalarının dəriyə təsirini təqdim edir.
Müasir tibb və dermatologiya bu suala aydın cavab verir: nəzarətsiz və həddindən artıq günəş şüası sağlamlığınız üçün ciddi zərər yarada bilər. Bəli, günəşin faydaları da var, lakin bu faydalar təhlükəsizlik qaydaları pozulduqda risklər qarşısında zəif qalır. Təəssüf ki, "gözəl" qaralma arzusu çox vaxt bu təhlükələri üstələyir.
Həddindən artıq günəş şüasına məruz qalmaq sağlamlıq üçün ciddi risklər yaradır: Günəşin ultrabənövşəyi (UV) şüaları dəridəki hüceyrələrin DNT-sinə zərər verə bilər.Bu, bazalioma, yastıhüceyrəli xərçəng və melanoma kimi təhlükəli dəri xərçənglərinə səbəb ola bilər.
Melanoma çox sürətlə yayılır və ölümcül ola bilər. Uşaqlıq və gənclik dövründə alınan günəş yanıqları, gələcəkdə melanoma riskini ciddi şəkildə artırır. Xüsusilə çox sayda xalı (dəri ləkəsi) olan insanlar risk altındadır. UV şüaları dəridəki kollagen və elastini dərinin möhkəmliyi və elastikliyindən cavabdeh olan lifləri dağıdır. Bu da qırışlara, ləkələrə, quruluğa və dərinin tonusunun itirilməsinə səbəb olur.
Qaralma əslində dərinin zədələnməsidir. Günəş yanıqları dərinin UV şüasına qarşı verdiyi kəskin reaksiya qızartı, ağrı, şiş və bəzən qabarcıqlarla müşayiət olunur. Hər bir yanıx gələcəkdə dəri xərçəngi riskini artırır. UV şüaları buynuz qişaya, göz bülluruna və torlu qişaya zərər verə bilər. Bu da katarakta və digər degenerativ göz xəstəliklərinə səbəb ola bilər. Həddindən artıq günəş təsiri bədəni müvəqqəti olaraq immun zəifliyə məruz qoya bilər.
Uzun müddət günəş altında qalmaq bədəndə su itkisinə səbəb olur ki, bu da ümumi sağlamlığa və orqanların işinə mənfi təsir edir. Günəşdən tamamilə uzaq durmaq lazım deyil, o həyatımızın bir hissəsidir. Amma təhlükəsiz günəşlənmə qaydalarına əməl etmək vacibdir: 10:00-dan 16:00-a qədər olan saatlarda günəş altında olmamaq tövsiyə olunur. Bu dövrdə kölgədə qalmaq və ya qapalı məkanlarda olmaq daha məqsədəuyğundur.
Günəşdən qoruyucu krem mütləq istifadə olunmalıdır: SPF 30 və ya daha yüksək (ideal olaraq SPF 50+) faktorlu kremi evdən çıxmazdan 20-30 dəqiqə əvvəl çəkib, hər 2 saatdan bir (və ya tərlədikdə, üzgüçülükdən sonra) yenidən çəkmək lazımdır.
Qoruyucu geyimlər geyinin: geniş kənarlı papaq, uzunqollu köynək, nazik, nəfəsalan parçadan şalvar dərini fiziki olaraq qorumaq üçün təsirlidir. UV400 və ya "100% UV protection" işarəli gün eynəkləri taxın bu, gözlərin qorunması üçün vacibdir. “Baza qaralması”na güvənməyin dəridəki hər bir rəng dəyişikliyi zədələnmə əlamətidir.
Dərini mütəmadi yoxlayın: özünüz xallarınızı izləyin və hər hansı dəyişiklik hiss etdikdə dermatoloqa müraciət edin. Gözəl və sağlam görünmək istəyirsinizsə, günəşdən düzgün istifadə edin və qaralmaya can atarkən sağlamlığınızı qurban verməyin.