Ölkədə qeydiyyatdan keçən 1 400 000 nəqliyyat vasitəsinin 72 faizi paytaxtdadır. Belə bir şəraitdə yolların idarə edilməsi elə də asan deyil. Son vaxtlar isə baş verən ağır qəzalar neçə-neçə insanın ölümünə səbəb olur. Bəs burada əsas problem nədir?
Yollardakı son vəziyyətlə və baş vermiş qəzalarla bağlı olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Lent.az-a müsahibəsini təqdim edirik:
- Vaqif müəllim, sizcə baş verən son yol-nəqliyyat hadisələrində əsas günah kimdə olur?
- Nizamlanan və ya nizamlanmayan yolayrıcılarında qeydə alınan hadisələri təhlil edəndə görürük ki, həqiqətən sürücülər tərəfindən tələblər düzgün yerinə yetirilmədiyindən yol nəqliyyat hadisələri baş verir.
Yol hərəkətində sürücü və piyadaların səhlənkarlıq etməməsi diqqətli olmaları bu cür halların qarşısını ala bilər və bunun üçün təbliğat daha da gücləndirilməlidir.
- Gün keçdikcə, avtomobildən istifadə edənlərin də sayı artmaqdadır. Bu da qəzaların artmasına səbəb ola bilərmi?
- Artıq Bakı şəhərinin küçə və yollarının uzunluğu 2500 kilometrə çatır. Ölkədə dediyiniz kimi, avtomobillərin də sayı artıb. Bununla bağlı təhlükə artsa da, bizim əməkdaşlarımızın fəaliyyəti nəticəsində qəzaların sayı azalıb. Ötən illərlə müqayisədə hadisələrin sayı yüzlərlə azalıb, yüzlərlə ailədə göz yaşının tökülməsinin qarşısını alınıb.
Bundan başqa ölkə üzrə baş verən qəzaların 30-35 faizi paytaxtın payına düşür. Ölkədə qeydiyyatdan keçən 1 400 000 nəqliyyat vasitəsinin 72 faizi də paytaxtdadır. Bu qədər avtomobil sayı ilə qəzaların azalma statistikası Dövlət Yol Polisinin müsbət fəaliyyətini ortaya qoyur.
- Bu cür hadisələrin baş verməməsi və ya azaldılması üçün hansı tədbirlər görülür?
- Yol kəsişmələrində, xüsusən nizamlanma yolayrıcılarında sarı rəngli kvadrat formada olan torların çəkilməsi bu problemlərin həllinə xeyli kömək edir. Məsələn, bu günə qədər aparılan təhlillər, analizlər göstərir ki, nizamlanan yolayrıcılarında süni sıxlıq yaşanmır və buna görə də qəza halları xeyli azalır.
- Ümumiyyətlə, hələ də sürücülər arasında sarı tor tipli xətlərin mənasını başa düşməyənlər az da olsa var. Bu tor nə işə yarayır? Sürücülər bu torla qarşılaşdıqlarında nə etməlidirlər?
- Bu sarı tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcını və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu başa düşsün. Belə ki, işıqforun siqnalından asılı olmayaraq gedilən istiqamətdə nəqliyyat vasitələri tərpənməz dayanırsa, sürücü də həmin yolda dayanmalıdır.
- “Sarı tor”a düşmüş sürücülər necə cəzalandırılır?
- Sarı xətlərdə qalmış nəqliyyat vasitələri idarə əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilir. Burada kameraların köməyi ilə avtomatik olaraq aşkarlanır və barələrində elektron qərarlar tətbiq edilir. Hər bir xətanın öz cəriməsi var, əgər söhbət sarı tordan gedirsə, burada cərimə 3 bal, yəni 60 AZN müəyyən edilib.
Bu 60 manat cərimələnmə elə - belə deyil. Düşünün ki, il ərzində 6 dəfədən çox bu xətaya yol vermək artıq sürücünün 6 aylıq sürücülük hüququndan məhrum edilməsi deməkdir. Ona görə də sürücülər bu “sarı tor”a düşməkdən qorxurlar.
- Bildiyiniz kimi, iyul ayının 9-dan etibarən keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar yollara yenidən sarı zolaqlar çəkilir. Ümumiyyətlə, sarı zolaqların çəkilməsi ilə hansı dəyişikliklər olacaq?
- Sarı zolaqlar əsasən gecə saatlarında çəkilir və bu iş hələ tam yekunlaşmayıb. Bu zolaqlar ümumilikdə 12 küçə və prospektlərdə çəkiləcək. Bu zolaqların çəkilməsində məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.
Sarı zolaq çəkildiyi təqdirdə sürücülərin ümumiyyətlə həmin istiqamətdə hərəkəti məhdudlaşdırılacaq. Bundan əvvəl də sarı zolaqlar çəkilib və biz indiyə kimi bir çox mötəbər dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etmişik. Düşünürəm ki, öz vəzifəmizin öhdəsindən də kifayət qədər alnı açıq çıxmışıq. Bu festivalı da yüksək səviyyədə keçirməyimiz üçün şəhər sakinləri, qonaqlar, o cümlədən də regionlardan paytaxta gələn vətəndaşlar bizə kömək edərək qaydalara riayət etməlidirlər.
Sarı zolaqlar üçün cərimə məbləği isə 40 AZN-dır. Bir daha sürücülərə buradan səslənirəm ki, zolaqlar çəkildikdən sonra qaydalara riayət etsinlər və sarı zolaq çəkilmiş istiqamətdə hərəkət etməyə çalışmasınlar.
- Bəs Vaqif Əsədov özü sürücü kimi nələri müşahidə edir?
- Şəxsi avtomobilimlə hərəkət etdiyim zaman müşahidə edirəm ki, sürücülər bütün tələbləri yerinə yetirir. Buna o qədər sevinirəm ki. Mən özüm yollarda nizam-intizamın yüksək səviyyədə olmasından razıyam.