Bir millət, iki dövlət
24 fevral 2014 11:11 (UTC +04:00)

Bir millət, iki dövlət

Türk xalqları içərisində ən zəngin mədəni sərvətlərə sahib olan iki dövlət – Azərbaycan və Türkiyə bu gün “bir millət, iki dövlət” şüarı altında strateji tərəfdaşlıq nümayiş etdirirlər. Bu tərəfdaşlığın kökündə isə bir çox oxşarlıqlar və ortaq dəyərlər dayanır. Hər iki ölkədə əhalinin dil, din, adət-ənənə və psixoloji yaxınlığı, heç şübhəsiz, tarix boyu hər iki dövlətin maddi və mənəvi sahədə qarşılıqlı münasibətlərinin inkişafına çox güclü təsir göstərmişdir.

Məlum olduğu kimi, Sovet İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini elan edən Azərbaycan Respublikasını ilk tanıyan dövlət də məhz Türkiyə olmuşdur. 1991-ci ilin 9 noyabrında Türkiyə rəsmi olaraq Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmiş və 1992-ci il yanvar ayının 14-də Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələr yaradılmışdır.

Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra münasibətlərin müxtəlif istiqamətli inkişafı üçün əlverişli fürsətlər yaranmışdı. Lakin Azərbaycanın əlverişli geosiyasi məkanda yerləşməsi, Rusiya, İran və Ermənistan dövlətlərinin Azərbaycanla bağlı müxtəlif maraqlara sahib olması, xüsusən də, Rusiyanın o zaman Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışması müstəqilliyin ilk illərində Azərbaycan-Türkiyə münasibətlərində qısamüddətli bir soyuqluq yaratmışdı. Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və nümayiş etdirdiyi balanslaşdırılmış siyasi strategiya iki ölkə arasında tarixən mövcud olan güclü əməkdaşlığı bərpa etmiş və strateji tərəfdaşlığın təməlini qoymuşdur.

Hal-hazırda iki dost və qardaş ölkə arasında siyasi, iqtisadi, sosial, hərbi, humanitar və digər sahələrdə münasibətlər inkişaf edir. Bu baxımdan, 2010-cu ilin avqust ayında Türkiyə prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında “Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım” Müqaviləsi imzalanmışdır. Həmin ilin sentyabrında isə İstanbulda Türkdilli Dövlətlər Birliyinin 10-cu zirvə toplantısında “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” qəbul edilmişdir. Təbii ki, bu sənədlərin imzalanması ikitərəfli münasibətlərin dərin inkişafının hüquqi bazasını daha da möhkəmlətmişdir.

Beləliklə, Azərbaycan-Türkiyə arasında tarixən mövcud olan din, dil, adət-ənənə yaxınlığı müasir dövrdə də iki ölkə arasında həm mədəni, həm siyasi, həm də iqtisadi əlaqələrin inkişafına  şərait yaradır. İki qardaş ölkə arasında münasibətlər bu gün də bütün sahələr üzrə inkişaf edir.

Ləman Xəlilova

 "Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar