[b]Bruselyoza necə yoluxuruq?[/b]
Bruselyoz - kiçik ölçülü patogen bakteriyalar olan brusellalar tərəfindən törədilən xəstəlikdir.
Lent.az Səhiyyə Nazirliyinin internet səhifəsinə istinadla xəbər verir ki, insan bu xəstəliyə xəstə heyvanlara (qoyun, keçi, inək, donuz və s.) qulluq zamanı, yaxud brusellalarla yoluxmuş ərzaq məhsullarından (süd, pendir, ət və s.) istifadə etdikdə yoluxur.
Törədici orqanizmə mədə-bağırsaq traktından, selikli qişa və yaxud dəridə olan zədələrdən daxil olaraq, limfa yolları və qan damarları vasitəsilə yayılır.
Bu da törədicinin istənilən orqana daxil olması üçün şərait yaradır. Mezenxim və birləşdirici toxumada qranulyomlar əmələ gəlir. Vətərin əzələyə keçdiyi yerdə mərci boyda və ya daha iri qığırdaq konsistensiyalı fibrozitlər əmələ gəlir. Bu da oynaqlarda, sümüklərdə, əzələlərdə ağrıların yaranmasına səbəb olur. Bruselyoz xəstəliyi sonrakı gedişatı zamanı davamlı və dönməz xarakter alaraq xroniki formaya keçir, nəticədə əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi baş verir. Bruselyoz xəstəliyinin inkubasiya dövrü 6-30 gündür.
Bruselyoz Azərbaycanda yayılmış zoonoz xəstəlikdir. Azərbaycanın heyvandarlıq rayonlarında hər il xəstəlik hadisələri baş verir və daha çox yoluxmuş iri və xırdabuynuzlu heyvanların ət və süd məhsullarının (əsasən pendirin) istifadəsi, xəstə heyvanların kəsilməsi və dərisinin emalı, doğuş zamanı heyvanlara yardım edilməsi ilə əlaqəlidir. Müşahidə və nəzarət sisteminin təkmilləşdirilməsi bruselyoz xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin effektivliyini təmin edir.
1095