Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və digər Türk dilli Xalqların Əməkdaşlıq Mərkəzi və Mətbuat Şurası ilə birgə Xocalının 22-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbir Xocalı faciəsində şəhid olanların bir dəqiqəlik sükutla yad edildikdən sonra başlayıb.
Tədbirdə iştirak edən MŞ-nın sədri Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, QHT Formunun sədri Rauf Zeyni və digər KİV nümayəndələri öz çıxışlarında Xocalı faciəsiylə bağlı fikirlərini bildiriblər.
Moldovalı Ombudsman Aurelia Qriqoriu da tədbirdə iştirak edib. O, öz çıxışında Xocalı faciəsini törədənlərin beynəlxalq məhkəmədə mühakimə olunmasını vacib sayıb: “Bu matəm günündə Azərbaycan xalqının yanındayam. Mən bir Ombudsman, parlament vəkili, hüquqşünas kimi deyirəm ki, Xocalı soyqırımını törədən cinayətkarlar İnsan Haqları üzrə Haaqa Məhkəməsində, Beynəlxalq Hərbi Tribunalda mühakimə olunmalıdırlar. Genosidlə bağlı Beynəlxalq konvensiyalarda genosidi törədənlərə hüquqi-siyasi qiymət verilməlidir. O gecə Xocalıda cinayəti törədənlər hələ də sağdırlar və bir çoxları Ermənistan hakimiyyətində yüksək vəzifə sahibidirlər. Ermənistan dünyanı aldatmaq istəyir ki, guya Xocalıda qətl edilənlər ermənilərdir. Amma Azərbaycan dövlətinin əlində bunun əksini sübut etmək üçün əlində kifayət qədər dəlil və faktlar var. Fevralın 25-dən 26-a keçən gecənin qurbanları bu faciənin canlı şahidləridir”.
Daha sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda erməni millətçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımın 22-ci ildönümündə Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İnsan Haqları üzrə Haaqa Məhkəməsi, Beynəlxalq Hərbi Tribunal, eyni zamanda insan hüquqları üzrə tanınmış Freedom House, Human Righ Wateh təşkilatlarına bəyanat ünvanlanıb.
Bəyanatda həmin gün 613 dinc azərbaycanlının qətl edildiyi, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirən, 487 adamın ağır yaralandığı 1275 nəfərin girov götürüldüyü qeyd olunub.
Həmçinin bəyanatda, bu hal BMT-sə 1948-ci il dekabrın 9-da və 1951-ci il yanvarın 12-də qüvvəyə minən “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalanması haqqında” konvensiyada təsbit olunan müvafiq maddə ilə uyğunluq təşkil etməklə, beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlərdən biri olub soyqırımı kimi qəbul olunması da diqqətə çapdırılıb.
Sonda iştirakçılara Elşad Eyvazlının müəllifi olduğu “Böyüməyən uşaqlar” adlı kitabı paylanılıb. Kitab 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirəsindən bəhs olunur.