[b]"Ölənlərimizi dəfn edə bilmirdik" - CƏBHƏ XƏTTİNDƏN REPORTAJ[/b]
06 fevral 2017 17:09 (UTC +04:00)

[b]"Ölənlərimizi dəfn edə bilmirdik" - CƏBHƏ XƏTTİNDƏN REPORTAJ[/b]

Qoşunların təmas xəttində yeni qurulan mühəndis istehkam-mühafizə qurğuları uzun illərdir təhlükəli hesab olunan torpaq sahələrinin becərilməsinə imkan yaradacaq. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, belə istehkam-mühafizə qurğularından biri cəbhənin Ağdam istiqamətində təmas xəttinə yaxın ərazilərdə yaradılıb. Torpaq səddən ibarət bu sistem təsərrüfat işləri ilə məşğul olan kəndlilərlə yanaşı, cəbhə boyunca atəş altında yerləşən qəbiristanlıqlara ziyarətə gələnləri və ya dünyasını dəyişən doğmalarının dəfn edənləri təhlükədən qoruyacaq.

 

Baş Qərvənd sakini Elgiz Qurbanov mühafizə səddinin əkin işləri aparmağa çox kömək etdiyini deyir: "Əvvəllər çox çətinik çəkirdik. İndi mühafizə səddi çəkiblər, hamı rahat və arxayın şəkildə qəbiristanlığa ziyarətə gələ bilir".

 

Kənd sakini Siyavuş Şükürov əvvəllər atəş səbəbilə əkin sahələrinə çıxa bilmədiklərini deyir: "Biz sahələrə çıxa bilmirdik, rəhmətə gedənlərimizi dəfn edə bilmirdik. Hər dəfə gəlirdik məzarlıqda, güllləbaranla qarşılaşırdıq. Ermənilər bizi atəşə tuturdu, yaxınlarımızı ziyarət edə bilmirdik".

 

Cəbhə xəttinin təkcə Ağdam rayonu istiqamətində 10-dan çox yaşayış məntəqəsi düşmən mövqelərinə yaxın ərazilərdə yerləşir. İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, bu ərazilərə yaxın torpaq sahələrində çalışan dinc adamları da hədəfə alır və onların həyatı üçün ciddi təhlükə törədir. Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyi bu kimi halların qarşısını almaq üçün tədbirlər görüb.

 

Kənd sakini Elman Məmmədov yaradılan şəraitə görə dövlətə və Silahlı Qüvvələrə minnətdarlıq edir: "Biz ordumuzdan da, dövlətimizdən də razıyıq. İstehkam qurğuları qurulduqdan sonra təsərrüfatımızda rahat işləyə bilirik. Suyumuzu suvarırıq, otumuzu gətiririk. Əvvəllər mümkün deyildi, ermənilər bizi atəşə tuturdu".

 

Baş Qərvənd sakini Qorxmaz Səfərov da eyni fikirləri bölüşür: "Qabaqlar çətinliklə əkin işləri görə bilirdik. Amma indi asanlıqla torpaqda işlərimizi görə bilirik".

 

Ermənilər tərəfindən aydın müşahidə olunan Ağdamın Baş Qərvənd kənd qəbiristanlığında dinc sakinlər dəfələrlə atəşə tutulub. Bir neçə nəfər isə ayrı-ayrı vaxtlarda güllə yarası alıb.

 

Düşmən gülləsindən mümkün qədər qorunmaq üçün kəndlilər çox vaxt gecələr əkin-biçin işləri ilə məşğul olurdular. Bu isə məhsuldarlığın aşağı olmasına gətirib çıxarırdı. Bundan sonra isə gecə çalışmağa ehtiyac qalmayacaq. Qurulan mühəndis-istehkam qurğuları, mühafizə xətti insanların  daha rahat şəkildə həyat tərzi sürməsinə şərait yaradacaq.

 

Kənd sakini Elşanə Qasımova artıq düşmən atəşindən mühafizə olunan ərazilərdə pambıq əkini aparıldığını deyir: "O mühafizə səddini qarşısında bizim əkin-biçin yerlərimiz var. Bu gün orada pambıq əkirik. Amma əvvəllər əkə bilmirdik. İndi əhalini ora işə cəlb edə bilirik. Əvvəllər bir nəfər qorxa-qorxa gedirdisə, indi kütləvi şəkildə gedib pambıq becərə bilirik".

 

Görülən tədbirlər təmas xəttinə yaxın kəndlərdə əkin işləri aparmağa tam şəkildə şərait yaradır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 88
avatar

APA TV

Oxşar yazılar