<b><span style="color:red;">Bələdiyyə seçkisi:  növbəti 5 ilə hansı dəyişikliklərlə gedirik? – <span style="color:red;">ARAŞDIRMA </b>
28 mart 2014 14:25 (UTC +04:00)

Bələdiyyə seçkisi: növbəti 5 ilə hansı dəyişikliklərlə gedirik? – ARAŞDIRMA

Kiçik bələdiyyələr növbəti dəfə birləşəcək, bəzi kommunal xidmətlər bu qurumların səlahiyyətinə veriləcək

 

 

1999-cu ildən yerli özünüidarə orqanları kimi fəaliyyətə başlayan bələdiyyələr bu ilin dekabrında keçiriləcək 4-cü çağırış üzrə seçkilərə hazırlaşır. Bu qurumlar fəaliyyət göstərdiyi 15 il ərzində yerli özünüidarə mərkəzi kimi cəmiyyətdə özünü doğrulda bilməsə də, bələdiyyələrə diqqət hər seçkidən seçkiyə durmadan artır. Belə ki, təkcə seçki ərəfəsində deyil, yerli özünüidarə orqanlarının fəaliyyət göstərdiyi 15 il ərzində Millət vəkilləri bələdiyyələrin səlahiyyətlərinin artırılması, onlara əlavə maliyyə təminatlarının verilməsi və bütövlükdə bu qurumların bir struktur kimi güc mərkəzinə çevrilməsi üçün çeşidli təklif səsləndirilib.

 

Hələ ki, bu təkliflərin böyük əksəriyyəti reallaşmasa da, hər seçki ilində bələdiyyələrin fəallığının artırılmasına yönəlik müəyyən addımlar atılır. Bəs, bu seçki ərəfəsində bələdiyyələr üçün hansısa yeniliklər gözlənilirmi?

 

Yerli özünüidarə qurumlarının növbəti 5 ildə real güc mərkəzinə çevrilməsi, onların ictimai əhəmiyyətli layihələrin icrasında iştirakçılığını və fəallığını təmin etmək üçün hansı addımların atılmasına ehtiyac var?

 

Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin martın 18-də keçirilən sonuncu iclasında gündəliyə salınmış iki məsələdən biri məhz bələdiyyə seçkilərinə hazırlıqlarla ilə bağlı olub. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, YAP əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də əsasən, qadınlara və gənclərə üstünlük verəcək. Azərbaycan bələdiyyələrinin fəaliyyətini müsbət qiymətləndirən millət vəkili bildirib ki, bu qurumlar yerli özünüidarə institutu kimi mərhələli şəkildə təkmilləşir: “Seçkidən seçkiyə dünya təcrübəsi öyrənilir, bələdiyyə qanunvericiliyi təkmilləşir, yeni səlahiyyətlərin müəyyənləşməsi istiqamətində addımlar atılır”.

 

Bununla belə, YAP-çı millət vəkili də bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu söyləyir. Onun sözlərinə görə, partiyanın İdarə Heyətinin sonuncu iclasında bələdiyyələrin fəaliyyətinin gücləndirilməsini nəzərdə tutan təkliflər müzakirə olunub. Həmin təkliflər sırasında bələdiyyələrin yerli idarəetmə sahəsində işinin gücləndirilməsi xüsusi olaraq qeyd olunur. Siyavuş Novruzov növbəti seçkilərədək bələdiyyələrin seçki sistemində dəyişiklik olunmasını təklif edib. Onun sözlərinə görə, hər bir bələdiyyə sədri həmin ərazidə yaşayan sakinlər tərəfindən seçilməlidir: “Vergilərin yığılması və əmlakın icarəyə verilməsi hüququ da bələdiyyələrə qaytarılmalıdır. Bələdiyyələr yeni qurumlar olsa da, fəaliyyətləri pis deyil, amma islahatlar@.

 

Ölkənin kiçik bələdiyyələri, birləşin!

 

Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilən sonuncu seçkilərdə 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvü seçilib. Həmin il bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınmışdı. Üstəlik həmin seçkilərdə 18 siyasi partiyanın namizədləri iştirak edib. Ümumilikdə isə sonuncu seçkilərdə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı təmsil edib. Bu il isə namizədlərin və partiyaların sayı bəlli olmasa da, yenə də 1718 bələdiyyəyə yeni üzvlərin seçiləcəyi artıq bəllidir. Qarşıdakı 5 ildə isə növbəti dəfə kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə onların sayının 1718-dən bir qədər də aşağı salınacağı gözlənilir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev bunun səbəbini hazırda fəaliyyət göstərən bələdiyyələrin böyük əksəriyyətinin passiv olması ilə əlaqələndirir. Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən 1718 bələdiyyənin maksimum 800-ə qədəri yaxşı işləyir. Yerdə qalanı isə nəinki yerli əhəmiyyətli problemlərin həllində aktiv deyil, hətta səlahiyyətində olan vergiləri toplaya bilmir: “Ona görə də biz belə hesab edirik ki, aktiv olmayan, zəif fəaliyyət göstərən kiçik bələdiyyələr yenə də birləşməlidir. Çünki əhalisi Azərbaycan əhalisi qədər olan ölkələrdə, o cümlədən Pribaltika respublikalarında cəmi 150-200 bələdiyyə fəaliyyət göstərdiyi halda bizdə 1718 bələdiyyə var. Bu, Azərbaycan əhalisinin sayı nisbətində çox böyükdür. Ona görə də kiçik bələdiyyələr yenə birləşdirilməlidir ki, onlar normal fəaliyyət göstərə bilsinlər”.

 

“Bələdiyyələr bu səlahiyyətlərin öhdəsindən çox rahatlıqla gələcək” 15 il əvvəl təsis olunmuş bələdiyyələrin Azərbaycanın siyasi və ictimai həyatında yeni institut olduğunu deyən Tahir Rzayev bu qurumların ləğvi, yaxud səlahiyyətlərin məhdudlaşdırılması kimi çağırışların da olduğunu söyləyir. Bu cür çağırışları yersiz hesab edən millət vəkilinin sözlərinə görə, seçkili orqan olan bələdiyyələr vətəndaş cəmiyyəti və yerlərdə insanlarla daim sıx təmasda olduğundan onların ictimai həyatdakı rolu inkar edilməməlidir: “Ona görə də bələdiyyələrin ləğvi və ya funksiyalarının azaldılması deyil, əksinə bu qurumların gücləndirilməsi lazımdır. Fəaliyyət göstərdiyi 15 il ərzində bələdiyyələrin çox böyük işlər gördüyünü, Azərbaycan üçün yeni institut olan bu qurumların formalaşdırılması istiqamətində mühüm addımların atıldığını heç kəs inkar etməməli, cəmiyyətdə bələdiyyələrə doğma münasibətin formalaşmasına dəstək verilməlidir. Milli Məclisin Regional məsələlər komitəsi də bu işlə məşğuldur. Biz çalışırıq ki, bələdiyyələrin səlahiyyət və maliyyə təminatı gücləndirilsin”.

 

O ki, qaldı dekabrda keçiriləcək seçki ərəfəsində bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə və ya onlara maliyyə təminatının yaradılması istiqamətində hansı dəyişikliyin ola biləcəyinə, millət vəkili deyir ki, bu tip məsələlər Milli Məclisin Regional məsələlər komitəsində müntəzəm şəkildə müzakirə olunur. Onun sözlərinə görə, 2007-ci ildə birinci oxunuşdan keçən “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihəsində bələdiyyələrə çox mühüm səlahiyyətlərin verilməsi nəzərdə tutulur: “Milli Məclisin müvafiq komitəsi olaraq, biz mənzil-kommunal, yaşıllaşdırma, sovet dövründən qalmış yarımçıq binalar və təsərrüfatların idarəçiliyinin bələdiyyələrə verilməsinin tərəfdarıyıq. Bu səlahiyyətlərin bələdiyyələrə verilməsi təkcə mümkün yox, həm də realdır. Regional məsələlər komitəsində bu tip məsələlər xüsusi olaraq qabardılır. Çünki bilirik ki, biz yerlərdə vəziyyəti öyrənirik və bilirik ki, bələdiyyələr bu səlahiyyətlərin öhdəsindən çox rahatlıqla gələcək”.

 

Bu seçkilərdə o adamlar iştirak etməlidir ki...

 

 

Xatırladaq ki, “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihəsinə xarici ekspertlər də rəy verib. Ancaq onların bu rəyində bələdiyyələrə daha ciddi səlahiyyətlərin verilməsi təklif olunur. Həmin təkliflərdə bildirilir ki, təbii qaz, içməli su, elektrik enerjisi, yol təsərrüfatı üzrə xidmətlərin göstərilməsi kimi fundamental səlahiyyətlər də bələdiyyələrə verilməlidir. Elə Tahir Rzayev də bir çox ölkələrdə bu tip səlahiyyətlərin bələdiyyələrin səlahiyyətinə aid olduğunu bildirir. Ancaq onun fikrincə, Azərbaycan bələdiyyələri bu cür köklü səlahiyyətləri yerinə yetirmək gücündə deyil: “Bələdiyyələr əlavə səlahiyyətlər istəyir. Amma indi onlara funksiyasına aid işləri yerinə yetirə bilirmi ki, su, yol, işıq təsərrüfatları kimi köklü səlahiyyətləri də idarə edə bilsinlər? Əlbəttə ki, yox! Çünki bələdiyyələrin bir çoxu özlərinin hüquq və funksiyalarını tam şəkildə bilmir. Ona görə də bu seçkilərdə yüksək intellekti, hüquq savadı olan, qanunvericilikdən başı o adamlar iştirak etməlidirlər”.

 

Tahir Rzayev qarşıdakı 5 ildə yerli özünüidarə qurumlarının real güc mərkəzinə çevriləcəyinə, onların yerlərdə aktiv fəaliyyət göstərə biləcəyinə ümid edir. Ancaq onun fikrincə, bunun üçün bələdiyyələrin kadr potensialı, maddi-texniki imkanları gücləndirilməlidir. İtirilmiş 15 il Millət vəkili Fazil Mustafa isə bələdiyyələrin ötən 15 ildə real güc mərkəzinə çevrilməməsinin və ölkənin ictimai həyatında özlərinin doğrulda bilməməsinin əsas səbəbini bu qurumların səlahiyyətlərinin məhdudluğu ilə əlaqələndirib. O, hesab edir ki, artıq bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinin vaxtı çatıb və təklif olunan yeni səlahiyyətlər builki seçki ərəfəsində qanuni qüvvəsini almalıdır: “Çox təəssüf ki, ötən 15 il bələdiyyələrin yerli idarəetmə strukturu kimi güclənə bilməməsi baxımından itirilmiş dövr kimi yadda qaldı. İstər Milli Məclis səviyyəsində, istərsə də ictimai mühitdə bələdiyyələrin yerli problemləri həll edən quruma çevrilməsi istiqamətində təşəbbüslər göstərilsə də, irəli sürülən təkliflər qanuni həllini tapmayıb. Nəticədə bələdiyyələrin çoxu yarandığı gündən yerli icra orqanlarının bir qurumu kimi fəaliyyət göstərməkdə davam edir. Halbuki bələdiyyələr yaradılarkən rayon icra hakimiyyətlərinin əsas səlahiyyətlərinin yerli özünüidarə orqanlarına verilməsi nəzərdə tutulurdu. Ona görə də hesab edirəm ki, 15 ildə buraxılmış səhvlərdən nəticə çıxarılmalı, bələdiyyələrin səlahiyyət və maliyyə imkanlarının genişləndirilməsi istiqamətində real addımlar atılmalıdır. Biz Türkiyədəki bələdiyyələrin təcrübəsini Azərbaycanda tətbiq etməliyik”.

 

Deputat qanuna dəyişiklik təklif edir

 

 

 Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “Bələdiyyələrin statusu haqqında” qanuna yenidən baxmağı təklif edib. Onun sözlərinə görə, bələdiyyələrin statusunda kifayət qədər qeyri-müəyyənlik var və bu qeyri-müəyyənlik aradan qaldırılmalıdır: “Artıq “Bələdiyyələrin statusu haqqında” qanun da bir qədər köhnəlib. Bu qanuna yenidən baxılmalı və bələdiyyələrə müstəsna səlahiyyətlər verilməlidir”.

 

Millət vəkili bildirib ki, 10-a yaxın vergi növü bələdiyyələrin ixtiyarına verilsə də, indiki şəraitdə yerli özünüidarə orqanlarının həmin vergilərin əsas hissəsini toplamaq imkanı yoxdur. Üstəlik dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin məbləği çox azdır: “Fiziki şəxslərin əmlak vergisi yığılmır, bununla bağlı qanuna dəyişiklik etmək lazımdır. Yolların, suyun çəkilməsi ilə bağlı büdcədən transfertlər ayrılmalıdır. Bələdiyyə banklarının da yaradılması lazımdır. Heç olmasa, bu seçki ilində bələdiyyələrin işində dönüş yaradılmasına çalışılmalıdır ki, növbəti 5 ildə yerli özünüidarə orqanları bir institut kimi normal fəaliyyət göstərə bilsin”.

 

Vahid Əhmədov “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik olunmasını, kommunal xidmət sahələrinə dair bir sıra səlahiyyətlərin bələdiyyələrə verilməsini təklif edir. Millət vəkili hesab edir ki, kommunal xərclərin bir hissəsinin yığılması bələdiyyələrə verilsə, bu, yerli özünüidarə orqanlarının inkişafına gətirib çıxarar. Onun sözlərinə görə, yerlərdə mənzillərin istilik, təbii qaz, elektrik enerjisi, içməli su təchizatı, təmizlik, eləcə də kənd yerlərində suvarma su ilə təminat məsələləri bələdiyyələrin ixtiyarında olmalıdır: “Bu işlərlə yerli özünüidarə etmə orqanları məşğul olsalar, problemlər daha tez həll edilər. Çünki bələdiyyələr yerli əhəmiyyətli problemlər bilavasitə bələdiyyələrin gözləri qarşısındadır, onlar əhali ilə birbaşa əlaqədədir. İnsanlar niyə gözləməlidir ki, rayon icra hakimiyyətinin hansısa bir məmuru gəlib bu işlərlə məşğul olacaq? Bunu elə həmin kənd və qəsəbələrdə fəaliyyət göstərən bələdiyyələrin səlahiyyətinə vermək lazımdır ki, əhalinin yuxarılardan kömək gözləməsinə ehtiyac qalmasın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172
avatar

Elxan Salahov

Oxşar yazılar