<b>“Vor zakonlar”ın dostu, 7 “qətl”, xilaskar Ramidə </b>- <span style="color:red;">“HƏYATIN DİBİNDƏN”
23 oktyabr 2014 18:13 (UTC +04:00)

“Vor zakonlar”ın dostu, 7 “qətl”, xilaskar Ramidə - “HƏYATIN DİBİNDƏN”

Biz ora çatanda parkdakı skamyaların birində yatırdı. “Roma! Roma!”. Oyanır. Amma ayılmamışdı. Yanındakı yarımçıq araq şüşəsindən yenicə içdiyini təxmin eləmək o qədər də çətin deyil. Göz qapaqlarını güclə qaldırır. İçkininmi təsirindəndi, yoxsa soyuğun, bilmirəm, amma gözünün ağı görünmürdü. Qan örtmüşdü. Elə göz bəbəkləri də dəniz mavisi deyildi. Sağ ayağını qollarının köməkliyi ilə qaldırıb sol ayağının üstünə qoyub, qəribə baxır. Hər halda adını haradan bildiyim ona maraqlı gəlib. Nə bilsin ki, onun haqqında yazını oxumuşam. Ordan bilirəm ki, adı Rövşən olsa da,  “Roma” deyə çağırırlar.

 

 

 

...Yan yörəsinə baxır. Araq butulkasının yanında olduğunu görüb sakitləşir. Dünəndən acdır, deyir. Skamyanın sol tərəfindəki bulkadan bir tikə qoparıb ağzına atır. Çeynəyə-çeynəyə danışır.

 

- Əynimə-başıma baxıram, özüm - özümdən utanıram. Evimdə qarderobumda milyon dənə paltarım var, amma mən bu cırıq paltardayam. Məni bu vəziyyətdə görənlər elə bilirlər ki, mən bomjam, dilənçiyəm, çöldə qalmışam. Boksla məşğul olmuşam. İdman Akademiyasını bitirmişəm. Rəhmətlik Xəzər İsayevlə birgə məşq etmişəm (red. X. İsayev güləşçidir, boksçu yox). Sadəcə, mən özüm özümü pis günə qoymuşam. Bədbəxt adamam da. Əmim qızını sevirdim. Samirəni. Nişanlıydıq. Ona xəyanət etdiyimi öyrənib özünü öldürdü. Kül onun başına. Niyə özünü öldürürsən axı? Mən yoxam, get başqasına. Özünü niyə öldürürsən? Özümə bağışlaya bilmədim bunu. Başladım içkiyə...

 

 

“Məni bağışlayın” deyib sağındakı şüşəni götürür. Arağı başına çəkir. Su içir elə bil. Sonra məndən dönə-dönə üzr istəyir və ağzını bulkayla doldurur. Başını qaldırıb parkda gedib gələnlərə baxır.

 

 

- Belələrinə baxanda həm onlara yazığım gəlir, həm özümə. Mən axtarışdayam. Bacılarım məni axtarır. Dünən “Nizami”dən çıxanda İyulə məni gördü. Ha dilə tutdu, getmədim onunla. Axırda yoldan keçən üç nəfər kişidən xahiş etdi ki, kömək eləsinlər, məni evinə aparsın. Canıma azar olub. Yenə getmədim. Soyuqdan donmuşam küçələrdə. Qardaşlar mənə pul verir. Araq alıram. Araq olmasa, ölərəm.

 

 

Yanımızda dayanan xanım telefonla kiməsə öz  yerini bildirir: “Burdayam. Heykəlin yanında. Yanımda da skamya var. Skamyada bir qız oturub, yanında da...”.  Daha heç nə demir. Rövşənin pis olacağındanmı, yoxsa yanında oturduğum üçün tanışım olacağını düşünüb acığım tutacağındanmı, bilmədim, amma “bomj” demir.

 

 

Yarım saat ərzində parkda skamyanın başına çoxlu adam yığılır. Onları görüb səsini bir az artırır.

 

- Elə bilirsiz mən “pyaniskayam”, yox. “Pyaniska” deyiləm. Amma qurban olum sizə, mən özüm özümə eləmişəm. Bakıda böyümüşəm. “Kubinka”da. Yeddi dənə ölümüm var. Onlar özü-özlərini öldürdülər. Nə mənada? Mənim anama-bacıma söyən ola bilər? Söydülər, öldürdüm. Qıraqdan baxan elə bilir, bomjam. Amma mən kriminal adamam. Masallı Mamed, Hikmətlə, rəhmətlik Bəxtiyarla qardaş olmuşam. İndi nə olsun beləyəm? İçəri girəndə 16 yaşım vardı. 18 il yatdım.

 

 

 

Roma kriminal aləmdən danışsın, biz ətrafımıza toplaşanlardan. Elə ki, Roma “7 nəfəri öldürmüşəm” dedi ətrafdakıların dairəsi bir qədər genişləndi. Bir addım geri çəkildilər. Bayaqdan elə yaxın durmuşdular ki, az qalsın nəfəslərini hiss edirdim.

 

 

Sonra bir bənd sevgi şeiri dedi və yatmaq istədiyini. Deyəsən, məni də unutmuşdu. Yanında dayanan oğlandan “kurtka”sını istəyirdi başının altına qoysun. Yanından qalxdım. Skamyanın üstündə qıvrıldı. Ayaqlarını qaldırıb skamyaya qoymağa da gücü çatmadı. Elə yarı uzanmış, yarı oturaq vəziyyətdə çökdü...

 

 

***

 

Qazaxın II Şıxlı kəndiylə əlaqə saxladıq. Öyrəndik ki, atası Göyüş Kazımov və anası İnyət Kazımova kimya müəllimi olublar. Əslən qazaxlı olsalar da, işlə əlaqədar Tovuzda yaşayıblar. Təqaüdə çıxana qədər Tovuzda müəllim işləyiblər. Hər ikisi rəhmətə gedib. 6 övladları olub. 4 qız – Esmira, Ramidə, Ramilə və İyulə, oğlanları – Rufan və Rövşən. Rövşənin dediyi kimi anası İnyət müəllimə heç də Kürdə boğulub ölməyib. Ürək xəstəsi olan yaşlı qadını övlad dərdi aparıb bu dünyadan. Böyük oğlu Rufan 55 yaşında körpüdən yıxılıb ölüb. Rufanı itirəndən sonra Rövşənin də alkoqol alüdəçisi olmağı qadını lap əldən salıb. Ziyalı ailəsində böyüyən Rövşən evləndikdən qısa müddət sonra ayrılıb. Cəmi bir ay evli qalıb.

 

 

Heç birinin övladı olmayıb. Qardaşlar da evdə yaxşı yola getmirlərmiş. Rufan kiçik qardaşının arağa görə tənbeh edərmiş. Bu səbəbdən də iki qardaş arasında tez-tez mübahisə düşərmiş. İl yarım bundan əvvəl qardaşının ölümündən sonra Rövşən başını götürüb Bakıya gəlib. Hər halda 4 bacısının da Bakıda yaşadığına görə, bu  şəhəri seçib. İdman Akademiyasının da məzunu deyil. Əmisi nəvəsi Kənanın dediyinə görə, hansısa texnikumu bitirib. İdmançı da deyil. Azərbaycan çempionu heç olmayıb. Bunlar hamısı spirtli içki düşkünü olan Rövşənin uydurmalarıdır. Bacıları da heç bir mülkiyyət sahibi deyillər.

 

 

 

Oktyabrın 8-də də kənddə olub bacılar. Analarına ilini verməyə gəliblərmiş. Danışdığı kimi heç də 18 il həbsdə olmayıb. İl yarım bundan əvvəl Bakıya gələndən sonra bir neçə aylıq tutulub. Elə anasının da dəfnində ona görə iştirak etməyib. Bəlkə də ondandır ki, anasını soruşanda hönkür-hönkür ağlayıb, “bacı, anamı soruşma” dedi. 

 

 

R. Kazımovun bacısı Ramidə Kazımovanı tapmaq o qədər də çətin olmadı. Kəndlə əlaqə saxlayıb Kazımovanın nömrəsi aldıq. Deyir, qardaşı Rövşən heç də anasının ölümündən sonra içkiyə qurşanmayıb. Əsgərlikdən gələndən içir. Əvvəl gizli içsə də, 9 il əvvəl atasının ölümündən sonra aşkar içməyə başlayıb. Ramidə xanım onu iki dəfə Zığdakı Narkoloji dispanserdə alkoqol əleyhinə müalicə etdirib. Müalicələrdən sonra 1-2 il spirtli içkidən uzaq durub. 4 il əvvəl kənddə yaxşı bir ailənin qızıyla evləndiriblər. Necə deyərlər, adət-ənənəylə toy edib, Rövşənə gəlin gətiriblər. Lakin evlilikdən sonra Rövşən təkrar içməyə başlayıb. Həyat yoldaşı da ayrılıb ondan.

 

 

Bacısının “Sahil” Ticarət Mərkəzində obyektləri də yoxdu. Orada satıcı işləyən qadın ticarət obyektində baş vermiş yanğından sonra işsizdir. Bununla belə yenə də qardaşına kömək etməyə çalışıb. Amma deyir ki, özü istəməsə mümkün olmur.

 

 

 

- Dəfələrlə küçədən yığıb gətirmişik. Nə qədər olar? Kənddə o cür evimiz var, qapısı bağlı qalıb. Ağlını başına yığıb qayıtsın kəndə. Yaşasın özü üçün. Küçələrdə qalıb bizi də biabır edir, özünü də. Ayıq başla olsa, heç vaxt belə sözlər deməz. Araq ki, dəydi ağzına dönüb olur başqa adam. Bizi də düşmən edir əmim oğlanları ilə. Ogünkü videodan sonra bir-bir zənglər gəlir. Samirə söhbəti də yalandı. Öz uydurmasıdır. Axı biz neynəyək? İçkili olub hansısa taksi sürücüsünün kurtkasını dartıb cırıb. Buna görə də həbs edilib. Yoxsa, guya adam üstündə yatıb, başqasının günahını boynuna götürüb... Biz bacılar qardaş üçün nə edə biləriksə, etmişik. Keçən il ayağını yandırıb xəstəxanalıq olmuşdu. Eşitdik ordadı, getdik. Biz gedəndə artıq qaçmışdı ordan. Tapa bilmədik...

 

***

 

Biz isə onu Səməd Vurğun bağında tapdıq. Elə şəkildə gördüyünüz kimi, səfil vəziyyətdə. Spirtli içki onu demək olar ki, məhv edib. İnsanlıqdan çıxarıb. Nə danışdığının belə fərqində deyil.  Hələ ki havalar mülayim keçir. Qarşıdan isə sərt qış gəlir. Amma onda araq da kömək etməyəcək…

 

Təəssüf ki…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3006
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar