Bakının Nobel prospektində çökmə baş vermiş yolda geoloji kəşfiyyat işlərinə başlanılıb.
"Ötən həftə Nobel prospektində yol çökmüşdü və gördüyünüz kimi həmin ərazi betonlanıb. Ancaq buna baxmayaraq təhlükə hələ də qalmaqdadır.Yol hasarlanıb, yol nişanları qoyulub. Ancaq təmirin nə vaxt bitəcəyi hələlik məlum deyil".
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, çökmə intensiv şəkildə davam edir.
"Sürüşmənin əhatə dairəsi günbəgün genişlənir. Bu ərazidə konkret olaraq sızma baş verib və bu sızmanın qarşısı alınmasa, çökmənin əhatəsi daha da artacaq".
Onun sözlərinə görə, həmin ərazi hərəkətin intensiv olduğu yerdir, çala örtülməsəydi, bədbəxt hadisə baş verə bilərdi. Buna görə də çökmə baş vermiş ərazidə müasir texnikanın köməyi ilə müvəqqəti düzgün kipləşdirmə işi aparılıb və asfalt-beton örtüyü vurulub.
"Əgər təhlükəli bir vəziyyət yaranarsa, yol təsərüfat orqanı onun qarşısını alacaq. Biz gözləyirik ki, həmin hissədə o yuyulma aradan qaldırılsın".
Pünhan Mürsəliyev onu da əlavə etdi ki, sözügedən ərazidə "Azeryolservis" tərəfindən hər hansı bir təmir işləri aparılmayıb.
"KİV-lərdə belə bir məlumat yayıldı ki, guya nə vaxtsa orda biz təmir işi aparmışıq, ərazini yumşaq torpaqla doldurmuşuq. Düzgün kipləşdirmə aparmamışıq. Həmin ərazidə ümumiyyətlə çökmə olmayıb. Biz heç bir təmir işi aparmamışıq. Hətta texnoloji prosesə tam əməl olunmadan da iş aparılsa belə 10 metr dərinliyində çökmə ola bilməz".
"Azərsu" ASC-nin "Bakı Su Kanalı"nın rəis müavini Əlizadə Nəsirov hazırda çökmənin səbəblərinin araşdırıldığını bildirib. "Mütəxəssis rəyi olmadığına görə bu barədə heç nə demək mümkün deyil. Çökmənin səbəbi hələlik məlum deyil. Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN), “Azərsu”, “Azəryolservis” ASC çökmənin səbəbini müəyyən etmək üçün birgə araşdırma aparır”. Qeyd edək ki, aprelin 21-də Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” Neft Emalı Zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib.