«Azure» alış-veriş və əyləncə mərkəzinin keçirdiyi lotereya kampaniyasının ilk qalibləri müəyyənləşib
Martın 22-də «Azure» ticarət və əyləncə mərkəzi tərəfindən təşkil olunmuş lotereya kampaniyasının ilk tirajı keçirilib.
«Azure» alış-veriş və əyləncə mərkəzindəki mağazalardan 50 manat məbləğində alış-veriş edən, buradakı kafe-restoranlarda 20 manatlıq hesab ödəyən və ya «Megafun» əyləncə mərkəzində kartına 20 manat yükləyən ziyarətçilər lotereya iştirakçıları sırasına qatılıb.
Cari ilin fevralın 15-də start götürən “Azure arzular tükənmir” lotereyasının birinci turu çərçivəsində müasir LED televizor, Dubaya iki nəfərlik səyahət və «Opel Astra» avtomobili oynanılıb.
Lotereyanın ilk tirajının aparıcısı Nərgiz Cəlilova olub və sözügedən tiraj AzTv kanalı ilə canlı yayımlanıb. Lotereyanın gedişatını 5 nəfərdən ibarət bitərəf tiraj komissiyası izləyib. Bundan başqa, iştirakçıları dəstəkləmək və qalibləri təbrik etmək üçün «Eurovision-2011» mahnı müsabiqəsinin qalibi və «Azure» alış-veriş və əyləncə mərkəzinin siması olan Nigar Camal da bu tədbirə qatılıb.
Tirajın nəticələrinə görə, LED televizorun qalibi İsmayıl Əliyarlı, Dubaya iki nəfərlik səyahət paketinin qalibi Məhərrəm Əliyev, «Opel Astra» avtomobilinin qalibi isə 16 yaşlı Sevinc Hüseynova olub.
Martın 23-də qaliblərə «Azure» alış-veriş və əyləncə mərkəzində hədiyyələri Nigar Camal təqdim edib.
Xatırladaq ki, lotereyanın ikinci turu martın 22-də start götürüb və bu tiraj çərçivəsində hədiyyələr mayın 11-də oynanılacaq.
Qeyd edək ki, «Azure» alış-veriş və əyləncə mərkəzinin 3 ay bundan öncə fəaliyyətə başlamasına baxmayaraq, mərkəz artıq paytaxt sakinləri və şəhər qonaqlarının sevimli yerinə çevrilib. «Azure» alış-veriş və əyləncə mərkəzinin ziyarətçiləri burada alış-veriş və istirahət edib, əylənə bilərlər. Belə ki, «Azure»da Avropa brendlərindən ibarət 50-dən artıq mağaza, dünya mətbəxlərini təmsil edən 50-yə yaxın kafe və restoran, həmçinin Avropanın ən böyük qapalı əyləncə mərkəzi olan «Megafun» fəaliyyət göstərir.