“Azərbaycanda milli elmi məktəblər arasında ilk dəfə kimya elmi məktəbi yaranıb. XIX əsrin II yarısında Azərbaycanda ilk dəfə səmərəli üsulla neftin istehsalı və emalı ilə bu elmi məktəbin bünövrəsi qoyulub”.
APA-nın xəbərinə görə, bu barədə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Bakıda keçirilən Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransında (“CCE 2013”) məlumat verib. O bildirib ki, bu gün ölkədə artıq IV-V nəsil kimya elmi məktəbləri formalaşıb: “Mən arzu edirəm ki, dövlətin verdiyi dəstək hesabına Azərbaycanda yeni və güclü VI nəsil kimyaçılar hazırlansın. Bu gün ölkədə universitetlər, elmi-tədqiqat institutları ən yüksək maddi-texniki baza ilə təchiz olunub və yeni nəsil kimyaçıların hazırlanması üçün ölkədə kifayət qədər potensial var”.