Urmiya gölünün böyük hissəsinin qurumasının dörd səbəbi açıqlanıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın Planlaşdırma, İnformasiya Texnologiyaları, Büdcə, Geologiya və Mədənlərin Kəşfi Təşkilatının müdiri Raziyə Lək bildirib ki, Urmiya gölünün qurumasının səbəblərindən biri hövzənin üzərində keçid salınmasıdır: “Bu körpü hər iki tərəfdə suyun yığılıb qalmasına səbəb olub və nəticədə göldəki çöküntülərin miqdarı yüz dəfə artıb. Digər səbəb Urmiya gölünə tökülən çayların üzərində bəndlərin salınması və su kütləsinin onların arxasında toplanmasıdır. Bu da Urmiya gölünə suyun kifayət qədər çatmamasına gətirib çıxarır. Bundan başqa, kənd təsərrüfatında su israfçılığı və qlobal istiləşmə də gölün qurumasına səbəb olan amillərdir”.
Onun sözlərinə görə, hazırda Urmiya gölündə maqneziumun miqdarı artıb: “Eyni zamanda göldəki duz kütlələri natriumun miqdarının azalmasına səbəb olub. Bu məsələ də Urmiya gölü üçün ciddi təhlükədir”.
R.Lək Urmiya gölündəki böhranın aradan qaldırılması üçün iki həll yolu təklif edib: “Urmiya gölünün xilası üçün seqmentləşdirilmə zəruridir. Bundan başqa, imkan daxilində göldəki duzun miqdarını azaltmaq lazımdır”.
O deyib ki, indiki hökumət Urmiya gölündəki böhranın aradan qaldırılması üçün 19 layihəni təsdiqləyib və onlardan biri icraya yönəldilmək üçün seçiləcək: “İran prezidentinin planlaşdırma və strateji nəzarət üzrə müavini Urmiya gölünün xilası üçün lazımi vəsaitin təmin ediləcəyini açıqlayıb. Urmiya gölündəki mövcud problemlərlə yanaşı, bölgədə bir sıra digər təhlükələr də var. Ona görə də Urmiya gölünün vəziyyəti yaxşılaşdırılmalıdır. Hazırda gölün 27 milyard kubmetr suya ehtiyacı var. Əgər Urmiya gölü bu qədər su ilə təmin edilməsə, asanlıqla xilas ola bilməz”.
Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.