Beynəlxalq Mətbuat Mərkəzində “Humanitar Araşdırmalar” İctimai Birliyi “Azərbaycan tarixi-Azərbaycan gəncliyi” tarixi kontekstdən müasir reallıqlara doğru” layihəsi çərçivəsində “Tariximizi yaxşı bilmək nə üçün lazımdır?” adlı seminar-mühazirə təşkil edib. Lent.az-ın məlumatına görə, İctimai Birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı tədbiri giriş sözü ilə açaraq layihənin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirildiyini bildirib. İctimai Birliyin yaranma tarixindən danışan sədr layihənin məqsədlərindən söz açıb. O bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan dövlətçilik tarixinin dünəni, bu günü ilə bağlı gənclərə məlumatların verilməsi, onları tarixi faktlarla tanış etmək, gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsidir. “
Seminar-mühazirənin aparıcısı tarix elmləri doktoru, professor Solmaz Tohidi Rüstəmova tarix, eləcə də Azərbaycan tarixi barədə seminar iştirakçılarına ətraflı məlumat verib. Millət vəkili Jalə Əliyeva “Humanitar Araşdırmalar” İctimai Birliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirin böyük əhəmiyyət daşıdığını bildirib. Seminar-mühazirədə millət vəkilləri, QHT nümayəndələri, KİV nümayəndələri, ali məktəb tələbələri iştirak ediblər.