“Region TV” televiziya şirkəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) keçirdiyi tenderin qalibi olması ilə bağlı məlumat yayıb. Şirkətdən Lent.az-a verilən məlumata görə, beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb.
“Region TV” televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azərbaycanın ilk televiziya şəbəkəsidir.
“Region TV” Bakıda yayıma bu ilin may ayında başlamağı planlaşdırır. “Region TV” Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanacaq. Bölgələrdə isə yayım regional telekanalların - Kəpəz TV, RTV, CTV, EL TV və Kanal S-in siqnalları vasitəsilə həyata keçiriləcək. Açıq yayımla yanaşı “Region TV” Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanacaq.
Yaxın gələcəkdə ölkədə analoq yayımın dayandırılacağını nəzərə alaraq, “Region TV”, eləcə də bütün regional kanalların yayımı rəqəmsal (DVB - T) formatda həyata keçiriləcək.
Qeyd edək ki, bütün regional televiziya kanalları ən müasir televiziya avadanlıqları ilə təchiz olunub və Cinegy texnologiyası əsasında Azərbaycanda ən böyük avtomatlaşdırılmış yayım sisteminə malikdir.
“Region TV”-nin yayım və proqram mərkəzi Kəpəz TV-nin bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın ilk xəbər kanalı - TTV-nin əsasında yaradılıb. “Region TV”-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanacaq. “Region TV”-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır. Telekanalın əsas prioriteti MTRŞ-nın elan etdiyi müvafiq tenderin şərtlərində də olduğu kimi ölkənin regionları ilə bağlı daha dolğun məlumatların çatdırılmasıdır.
“Region TV” televiziya kanalı yaradıcı qrupların televiziya verilişləri istehsalı üzrə təkliflərini dinləməyə hazır olduğunu bildirir, həmçinin Azərbaycanın bölgələrində işləməyə hazır olan peşəkar televiziya işçilərinin müraciətlərini qəbul edir. Müraciətlər [email protected] elektron ünvanı vasitəsilə qəbul olunur.
“Region TV” şüarını da açıqlayıb: “Vətən buradan başlayır”.