Türkiyə ərazisində toyuqlar arasında aşkarlanan yüksək patogenli quş qripi (H5N1) virusu təhlükənin lap yaxında olduğunu göstərir.
Artıq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti həyəcan təbili çalıb.
Xidmət rəisi Sialə Rüstəmovanın imzaladığı sərəncamla Türkiyənin yüksək patogenli “quş qripi” yayılan 12 bölgəsindən (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Qastamoni) Azərbaycana diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti qadağa qoyulub.
Türkiyə ilə gediş-gəlişin yüksək olduğunu da nəzərə alsaq, “quş qripi”nin Azərbaycana adlama təhlükəsi hər an real olaraq qalır.
Taun Əleyhinə Stansiya: “Şübhəli hal qeydə alınmayıb”
Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov Lent.az-a açıqlamasında qeyd edib ki, “quş qripi”nə görə ölkədə epidemioloji vəziyyət sabitdir: “Türkiyənin bölgələrindən quş və quş məhsullarının idxalına qoyulmuş qadağa müvəqqəti xarakter daşıyır. Hər ay Baytarlıq Nəzarəti Xidmətinin, Taun Əleyhinə Stansiyanın mütəxəssislərinin iştirakı ilə monitorinqlər keçirilir. Bu günə qədər istər quşlar, istərsə də insanlar arasında “quş qripi”nə görə heç bir şübhəli hal qeydə alınmayıb. Sərhəd keçid məntəqələrində yerləşən sanitar şöbələrində ölkəyə daxil olan əcnəbi qonaqlar və öz vətəndaşlarımız üzərində daimi nəzarət keçirilir. Ölkəyə daxil olan şəxslər sorğu-sual edilir. Əgər şübhəli şəxslər aşkar edilərsə, müvafiq tədbirlər görüləcək. Lakin bu günə qədər belə hal aşkar olmayıb“.
M.Cahanov əhaliyə “quş qripi”ndən qorunmaq üçün xəstəlikdə şübhəli şəxslərlə təmasda olmamağı, ünsiyyətdə olarkən tibbi maskalardan istifadə etməyi, keyfiyyətli qidalarla qidalanmağı, əlləri tez-tez sabunla yumağı və şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edib.
Əhali quş əti yesin, ya yeməsin?
Bir neçə il əvvəl Azərbaycanda “quş qripi” təhlükəsi yaranarkən əhali bir müddət quş əti və məhsullarından istifadə etməyə çəkinirdi. Bu da quşçuluq təsərrüfatlarına xeyli ziyan vurmuşdu. Virusun Azərbaycanda da aşkarlanacağı halda eyni vəziyyətin təkrarlanacağı şübhəsizdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Lent.az-a açıqlamasında deyib ki, artıq respublika üzrə “quş qripi” ilə bağlı monitorinqlərə start verilib . “Monitorinqlər köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə və dənizsahili zonalarda aparılır. Bundan əlavə, quşçuluq təsərrüfatlarından qan və patoloji materialların müayinəsi də nəzərdə tutulub”.
Y. Xanvəli deyib ki, ölkəyə gətirilən hər bir məhsulun satışına icazə verilməzdən əvvəl gətirildiyi ölkənin epizootik vəziyyətinə nəzarət edilir. Əgər o ölkədə epizootik vəziyyət sabit olarsa, həmin ölkədən ət və ət məhsulları, quş və quş məhsullarının gətirilməsinə icazə verilir. Bundan əlavə gətirilən məhsulların gömrük açılışında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları da mütləq iştirak edir. Gətirilən məhsulların baytarlıq sənədi, məişət sertifikatı və digər sənədləri araşdırıldıqdan sonra onlardan nümunə götürülür, daha sonra baytarlıq laboratoriyasında radioloji, bakterioloji , virusoloji və kimya-toksikoloji istiqamətlərdə müayinə edilir. Əgər müayinənin nəticələri qaneedici olarsa, həmin məhsulun satışına icazə verilir. Əks hal qeydə alınarsa, onun satışına icazə verilmir“.
Xidmət rəsmisi ölkədə “quş qripi”ndən qorunmaq üçün bütün zəruri tədbirlərin görüldüyünü və insanların rahatlıqla quş və quş əti məhsullarından istifadə edə biləcəyini deyib.
Xəstəliyə yoluxma ehtimalı olan xəstələr üçün xüsusi palatalar
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “quş qripi” təhlükəsinə yoluxma ehtimalı olan xəstələr üçün xüsusi palatalar aktiv halda saxlanılır. Bununla bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi şöbə fəaliyyət göstərir: “Əgər ehtiyac olarsa, Kliniki Tibbi Mərkəzdə də xüsusi şöbə təşkil ediləcək.
“Quş qripi” haqqında bunları bilmək vacibdir
“Quş qripi” hələ qədim dövrlərdə mövcud olub. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-cı ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar.
1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar.
“Quş qripi” yoluxucu xəstəlikdir, adi insan qripinin oxşarı olan A tipli qrip virusu ştamlarının birindən əmələ gəlir. Əlamətləri də oxşardır: yüksək hərarət, baş ağrısı, əzginlik, boğaz acışması, öskürək. Bu infeksiya öz fəsadları ilə - virus pnevmoniyasının inkişafı, böyrəklərin, qaraciyərin, qanyaradıcı orqanların zədələnməsi ilə təhlükəlidir. Məhz bu fəsadlar ölümə səbəb olur.
Alimlərin fikrincə, infeksiyanın yayılmasında köçəri quşlar əsas rol oynayır. Məsələn, miqrasiya edən su quşları, xüsusən də, çöl ördəkləri “quş qripi” virusunun təbii “rezervuarıdır”. “Quş qripi” virusunun 15 yarımtipi arasında H5N1 virusu Dünya Səhiyyə Təşkilatının nümayəndələrində daha çox narahatlıq doğurur. Bu, yüksək patogenli virusdur və insanlar üçün təhlükəlidir. Lakin virusun insandan insana keçməsi halları hələlik məlum deyil. Əgər “quş qripi”nin insan qripinə mutasiyası baş versə, Yer kürəsi əhalisinin 80 faizi qırıla bilər.
Onun ilk qorxulu nəticələri 2003-2004-cü illərdə Belçikada, Almaniyada, Honkonqda, Hollandiyada, Cənubi Koreyada, Pakistanda və sonrakı illərdə isə dünyanın bir sıra ölkələrində özünü biruzə verməyə başlayıb. Hazırda yüksək patogenli “quş qripi” bütün dünyada yayılıb. Avropa, Amerika və dünyanın digər inkişaf etmiş ölkələrində xəstəliyin qarşısını almaq üçün daimi monitorinqlər keçirilir.