“Qulağımı həkimlər kar elədi ”- MARAQLI ADAMLAR
04 oktyabr 2013 13:00 (UTC +04:00)

“Qulağımı həkimlər kar elədi ”- MARAQLI ADAMLAR

İndi söhbət açacağım Qəşəm müəllim mənə fizika və riyaziyyatdan dərs deyib. Biz oxuduğumuz məktəb, indi köhnə məktəb adlandırdığımız yer, iki çayın

arasında yerləşirdi. Çayın o tayında məktəbə məxsus böyük futbol meydançası vardı. Belə otlu stadionumuz olduğuna görə həmişə ətraf kəndlərdən bizim kəndə futbol yarışmasına gəlirdilər. Buna baxmayaraq biz balacalar tənəffüsdə  həyətdə də top oynadırdıq. O vaxtlar bir üzü qırmızı, bir üzü isə yaşıl rezin toplarımız vardı. Əlimizdən suya düşəndə biz topla bərabər çay aşağı qaçar, uyğun yerlərdə topu sudan çıxarardıq. İndi də o çaya baxanda gözlərimin önündə bəzəkli toplar axır. Qəşəm müəllim riyaziyyat müəllimi olsa da futbolla çox maraqlanardı. Başqa kəndlərdən bizim kəndə futbol yarışına gələn komanda olanda Qəşəm müəllim dərs zamanı tez-tez şagirdlərdən birini stadiona göndərirdi: “Get gör, hesab neçə oldu?” Yuxarı sinifdə oxuyanlar deyirdilər ki, dərs çətin olanda qəsdən bir “İdman” qəzeti tapıb stolun üstünə sərirdik ki, Qəşəm müəllimin başı qəzeti oxumağa qarışsın.

Mənim ibtidai sinif müəllimim Qəşəm müəllimin həyat yoldaşı Ofeliya xanım olmuşdu. Heyf ki, bir neçə il qabaq o nurlu müəlliməmiz dünyasını dəyişdi. Ofeliya xanım məşhur şairəmiz Mirvarid Dilbazi ilə eyni nəslindəndi... Mən Qəşəm müəllimlə söhbətə gedəndə fikirləşirdim, görəsən, onu necə danışdıracam? Çünki müəllimim eşitmə qabiliyyətini tamam itirib. Ancaq kənddəkilər dedi ki, sualları kağıza yazarsan, heç bir problem olmayacaq. Həyətdə məni oğlu ilə qarşıladı. Müəllimin oğlu Fuad Rusiyada kiçik kommersiya ilə məşğuldu. Sonralar eşitdim ki, Fuad kənddəki aztəminatlı bir ailəyə gizlincə daima yardım edirmiş. O, Fuad müəllimin yeganə oğludu. Yəni Qəşəm müəllimin iki qızı, bir oğlu var. Həyətdə oturub söhbətə başladıq. Birinci sualımı iri hərflərlə kağıza  yazıb qarşısına qoydum. “Hansı institutu bitirmisiniz?” Qəşəm müəllim dedi ki, qulaqlarım eşitmir, bu heç, ancaq gözlərim də yaxşı görmür, qoy gedib sualına işığın altında baxım. O, kağızı götürüb evə keçdi və bir azdan gəlib danışmağa başladı.

 

 

- Mən 1959-cu ildə Lenin adına Dövlət Pedaqoji institutunun fizika-riyaziyyat fakültəsini bitirmişəm. Biz orta məktəbi çox çətinliklə oxumuşuq. Kəndimizdə tam orta məktəb olmadığından beşinci sinifdən yeddinci sinfə qədər qonşu kəndə, Alakol məktəbinə ayaq

döymüşük. Alakol məktəbi də səkkizillik olduğuna görə oranı bitirib Aşağı Eyyublu kəndinə getmişik. Gündə piyada ən azı 20 kilometr yol gedirdik. Sonralar

o kənddə Pərinisə qarı adlı xeyirxah bir qadının evində qaldıq.

 

 

Qəşəm müəllimə suallar vermək gərək olmurdu, özü danışırdı...

 

 

- Sonradan instituta qəbul oldum, çox sevinirdim. Müəllimlik eləmək mənə müqəddəs bir iş kimi görünürdü. Sənin özünə də dərs demişəm. İndi görürsənmi nə günlərə qalmışam?

 

 

Mən əlimlə onun kürəyinə vurub təskinlik verirəm. Qəşəm müəllim gülüb söhbətinə davam eləyir.

 

 

- Sonra Ofeliya xanımla ailə qurduq, dünyaya üç övlad gətirdik. İndi oğlum Fuad yanımdadı, gəlinim çox mehribandı. Qulağım da 2003-cü ildən eşitmir. Fuad müxtəlif xarici aparatlar gətirdi, bir xeyri olmadı. 1989-cu ilin oktyabrında 4 saylı xəstəxanada

qulağımı əməliyyat elədilər. O əməliyyatdan sonra eşitmə qabiliyyətim əksinə, zəifləyə-zəifləyə getdi. Hələ bu harasıdı? 2003-cü ildə isə Qovlar qəsəbəsinin xəstəxanasında öd kisəmi kəsib atdılar. Ondan bəri hər şeydən pəhrizəm, normal yemək yeyə bilmirəm.

2009-cu ildə sağ gözümdən əməliyyat olundum, görməm daha da pisləşdi, bax belə!

 

 

Neçə il dərs dediyini soruşdum. Sualı nəvəsi müəllimimin ovcuna yazırdı...  

 

- Düz 49 il dərs demişəm. O vaxtlar Ofeliya xanıma dərsi az verirdilər, mən bir az çox dərs götürürdüm. 20 il də təşkilatçı müavini işləmişəm. 177 manat təqaüd alırdım, son zamanlar bir az qaldırdılar, indi 191 manat alıram. 2003-cü ildə 65 yaşım tamam olduğuna görə təqaüdə çıxdım. Bax, belə-belə işlər, ay Murad!

 

Mən onunla sağollaşmağa hazırlaşanda Qəşəm müəllimin kiçik qardaşı İdris müəllim həyətə girdi. İdris müəllim böyük qardaşı Qəşəm müəllimlə çəpər qonşusudu. İdris müəllim də ömrünü dərs deməyə həsr eləyib. Onun həyat yoldaşı Zərəngiz xanım da ibtidai sinif müəllimidi. Elə oradaca İdris müəllimlə də xeyli söhbətləşdim. Növbəti yazım yəqin İdris müəllimlə olacaq. Sonra hər iki müəllimimlə sağollaşıb kədərli-kədərli oranı tərk elədim.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415
avatar

Murad Köhnəqala

Oxşar yazılar