Mayın 31-də media İnkişaf Mərkəzin İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müzakirələrin təşkili” layihəsi çərçivəsində seminar keçirilib.
Ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, media nümayəndələri və sosial şəbəkədə fəal olan gənclərin iştirakı ilə təşkil olunan seminarda “Milli-mənəvi dəyərlərimizin təbliğində sosial medianın rolu” mövzusunda müzakirələr aparılıb.
Birliyin sədri Q. Rüstəmov çıxışında bildirib ki, yenilənmək, inkişaf etmək, sivil dünyanın bir parçası olmaq nə qədər vacibdirsə, cəmiyyətimizin malik olduğu mənəvi dəyərlərdən uzaq düşməməsi də bundan daha artıq vacibdir: “İnternet medianın və xüsusilə sosial şəbəkələrin fəaliyyətini genişləndirdiyi bir vaxtda formalaşmaqda olan gənc nəslin bu dalğanın mənfi təsirlərindən kənarda saxlanılmasına diqqət yetirilməlidir. Hesab edirik ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün çox vacib məsələlər sırasındadır. Milli-mənəvi dəyərlərimizə, etik normalara sadiq nəslin formalaşdırılması üçün medianın üzərinə ciddi məsuliyyət düşür”.
Tədbirdə gənclər təşkilatlarının təmsilçiləri, həmçinin media nümayəndələri çıxış edərək, sosial medianın imkanlarından gənc nəslin tərbiyəsində istifadə olunmasının vacibliyini bildiriblər.