İyunun 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçiriləcək. Lent.az-ın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin əməkdaşlarının, ali təhsil müəssisələrinin mətbuat əlaqələndiricilərinin, media qurumlarının rəhbərlərinin, jurnalistlərin iştirakı nəzərdə tutulur.
Konfrans 2 paneldən ibarətdir. “Təhsildə media təfsilatı” mövzusundakı birinci panel Bakı Dövlət Universitetində olacaq. Burada Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov “Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi” mövzusunda məruzə ilə çıxış edəcək. Müzakirələrdən sonra tədbir “Krizis kommunikasiyada media” mövzusunda Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın məruzəsi ilə davam etdiriləcək.
Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək. Burada “APA Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı “Sosial mediada təhsil mövzusu” adlı məruzə ilə çıxış edəcək. Tədbirdə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün “Sosial mediada PR texnologiyaları” və təhsil eksperti Asif Cahangirovun “Mediada qeyri-peşəkarlıq problemi” mövzularında məruzələr edəcəyi nəzərdə tutulub.
Konfransın “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatdırılması planlaşdırılıb.
Tədbirə “APA-Holdinq” MMC, “Azad Azərbaycan” televiziyası, “Azərbaycan müəllimi” qəzeti informasiya dəstəyi verir.