Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsi çərçivəsində sərgi açılıb.
APA-nın məlumatına görə, FHN-in Akademiyasında keçirilən sərginin açılışında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman naziri Azad Rəhimov da iştirak ediblər. Nazirlər stendlərə baş çəkib, uşaqların əl işləri ilə tanış olublar.
Sərgidə 15 mart 2014-cü il tarixindən 10 may 2014-cü il tarixinədək məktəblər arasında keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” IV Ümumrespublika Uşaq Yaradıcılıq Müsabiqəsində iştirak etmiş məktəblilərin əl işləri nümayiş etdirilib.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətinin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır.
Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın-qəza xilasetmə texnikasının modeli” və “Şeir” nominasiyaları üzrə işlər təqdim olunub.
Rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin Təşkilat Komitəsinə 345 rəsm, 211 plakat, 127 əl işi, 81 model, 67 yumşaq oyuncaq, 63 şeir təqdim olunub.
Müsabiqəyə təqdim olunan işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilib.
İştirakçılardan 23 nəfər birinci, 32 nəfər ikinci, 28 nəfər üçüncü yeri tutub, 26 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb.