“Əvvəllər babat içərdim, indi az içirəm ”- Maraqlı adamlar
23 sentyabr 2013 12:08 (UTC +04:00)

“Əvvəllər babat içərdim, indi az içirəm ”- Maraqlı adamlar

Adətən, kəndlərini itirmiş göyçəli, yaxud qarabağlı dostların yanında kəndimiz haqda danışmağa utanıram. Hərçənd ki, doğma kəndim Köhnəqalada evim yoxdu, mən elə orta məktəbi bitirəndən qaçqınam. Nə isə, məndən ötəri kədərlənməyə dəyməz, filmdə deyildiyi kimi, mənim canım it canıdı. Kəndə gedəndə ata yurdumuzu şənləyən kiçik qardaşım Növruzgildə qalıram...

Orta məktəbdə bizə dərs demiş bütün müəllimlərin evi Molla uşağı küçəsində yerləşir. Qocalıqla əlbəyaxa yaşayan müəllimlərimdən biri ilə söhbətləşməyi qərara alıram, Dəmir müəllimi ziyarət eləyirəm, 83 yaşlı bu qocaman müəllimlə söhbətə atasından başlayıram:

 

- Müəllim, mən Cəfər kişini dumanlı şəkildə xatırlayıram. Ona Molla Cəfər də deyirdilər. Atanız ruhani məktəb bitirmişdi?

 

 

- Atam deyərdi ki, çərəkəni bitirmişəm. Sovet dövründə öləni ərəb duaları altında basdırmağa qoymurdular. Atam Quran oxuyan çox az insanlardan idi. Müharibə vaxtı yığılıb xəlvətcə dua oxuyub ibadət edərdilər ki, müharibə uzanmasın.

 

 

- Ancaq ananız Səkinə xanımı yaxşı xatırlayıram, çünki, Cəfər kişidən sonra xeyli yaşadı, mənim Həlimə nənəmin də “podruşka”sı idi. Onların bişirdiyi sac çörəyinin dadı hələ də damağımdadı.

 

 

- Hə, anamdan sonra qardaşım Teymuru itirdim. Teymur hesabdar idi, həm də gözəl şeirlər yazırdı.

 

 

- Teymur əmi ilə dostluğum tuturdu. Hərdən məni çağırıb  yazdığım şeirlərimi oxudurdu. Yadımdadı, aşıqlar məclislərdə Teymur əminin şeirlərini söyləyirdilər. Birinci həyat yoldaşınız Minayə müəllimə ilə bağlı soruşmaq istəyirəm.

 

 

- Buyur.

 

 

- Minayə müəllimə ilə necə tanış olmuşdunuz?

 

 

- Mən Gəncə Pedaqoji İnstitutun ibtidai sinif müəllimliyini bitirmişəm. İnstitutu qurtardıqdan sonra məni Zərdab rayonuna göndərdilər. Təyinatımı bitirdikdən sonra öz kəndimizə gəldim. Minayə müəllimə də mənim kimi bizim kəndə ibtidai siniflərə dərs deyirdi.  Aramızda isti münasibət yarandı və ailə qurduq. Bildiyin kimi biz dünyaya altı övlad gətirib böyütdük. İki qızımız, dörd oğlumuz vardı.

 

(Bu dözümlü insan nə üçün “vardı” deyir? Çünki indi övladlarının heç biri yanında deyil.

Tale ona ilk övlad itkisini göstərib. Onun ən kiçik oğlunu, evin son beşiyi Zülfüqarı Rusiyanın Xabarovsk şəhərində müəmmalı şəkildə güllələyiblər. İntizamsa Rusiyadan kəndə bir-iki dəfə gəlib.)

 

 

 

- Neçənci ildə doğulmusunuz?

 

 

-  1930-cu ildə, atanla yaşıdam, 34 yaşımda da evlənmişəm.

 

 

- Bəs orta məktəbi harada oxumusuz?

 

 

- Bizim kəndin məktəbi dördillik idi, çünki mütəxəssis çatışmırdı. Sovetliyimiz Alakol məktəbi yeddiillik idi. Yeddi il burda oxuduq, Alakola gedib-gəldik. Sonra tam orta təhsil üçün uzaq Yanıqlı kəndinə getdik. Biz Yanıqlı kəndində ev kirayələmişdik. Ələkbər  (kimya müəllimi – M.K.), Kamil  (kimya müəllimi – M.K.), Söyün idi (Şəmkirdə mühasibat işlədi və orada yaşayır – M.K.), İslam  (fizika müəllimimiz – M.K.), sənin atan (atam Gəncə Politexnik İnstitutunun Meşəçilik fakültəsini bitirmişdi – M.K.) ...

 

 

- Müəllim, neçə il dərs demisiniz?

 

 

- Ömrümün 59 ilini insanlara əlifba, hesab və ədəb öyrətməyə sərf etmişəm. Kənddə çoxlu ailələr var ki, babaya da, ataya da, nəvəyə də mən dərs demişəm. Məktəbdə  dərs deyən müəllimlərə də...

 

 

- Nə qədər təqaüd alırsınız?

 

 

- 215 manat.

 

 

- Dolanışığa çatırmı?

 

 

- Nəinki bu təqaüd, ümumiyyətlə Azərbaycanda müəlliminin maaşı həmişə onu kasıblığın küncünə sıxıb. Ona görə, özün görürsən, əkinçilik və maldarlığı da əldən yerə qoymuruq. Biz həmişə heyvan saxlamışıq. Mən indi də inək saxlayıram, başqa cür dolanmaq mümkün deyil.

 

Minayə müəllimə dünyasını dəyişdikdən sonra övladları ailə quraraq yavaş-yavaş ata yurdunu tərk edirlər. Dəmir müəllim ikinci dəfə evlənir. Bir müddət birgə yaşadıqdan sonra ikinci həyat yoldaşı da dünyasını dəyişir. O, kiçik oğlu Rizvanı əsgərliyə yola salır.  Yaralanıb qayıdandan sonra onu evləndirir və öz yanında saxlayır. Nəvələrin sevinci ilə yaşamağa başlayanda yenə qara xəbər gəlir... Oğlu Etibarı maşın vurur... Sonra bacısı Şövkət xanımı da itirir.

 

 

- Araq içirsinizmi?

 

 

- Əvvəllər babat içərdim, indi çox az içirəm, cüzi.

 

 

- Məncə, siz heç kəndin çayxanasına da çıxmırsınız.

 

 

- Mənim, zatən, əvvəllər də çayxanalardan xoşum gəlməyib. Gedib orada neyləyəcəm? Keçmiş şagirdlərimlə  domino oynayası deyiləm ki?

 

 

- Müəllim, məndən bir narazılığınız olubmu?

 

 

- Qətiyyən! Bizim aramızda hansı narazılıq ola bilər? Özü də sənə əlifbanı mən yox, rəhmətlik Ofeliya müəllimə öyrədib.

 

 

- Hə, mənim üçün ilk müqəddəs insan Ofeliya müəllimə olub. O, yalnız qulaq burardı. Bəs siz uşaqları döymüsünüzmü?

 

 

- Döymək deyəndə, hərdən şagirdin kürəyinə şillə çəkmişəm.

 

 

- Sağ olun, salamat qalın, müəllim!

 

 

- Sən də çox sağol, bizləri yad elədin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2529
avatar

Murad Köhnəqala

Oxşar yazılar