Təhsil Nazirliyi yeni tədris ilində “Ebola” virusunun yayıldığı ölkələrdən Azərbaycana tələbələrin gəlməsi ehtimalı ilə bağlı məsələyə münasibət bildirib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, “Ebola” virusunun yayıldığı ölkələrin konkret coğrafiyası məlum olmadığından, bu suala konkret cavab vermək mümkün deyil. O ki qaldı konkret məsələyə, bununla bağlı ölkəmizdə hər hansı fakt qeydə alınmayıb.
Qeyd edək ki, Azərbaycanda “Ebola” virusu xəstəliyinə qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin ölkəyə keçməsinin qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov bununla əlaqədar əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib.