Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunda edilmiş dəyişikliyi təsdiq edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 6-cı hissəsində “balıq ovu” sözləri “balıq və digər su bioresurslarının ovu” sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin.
Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması üçün 3 ay vaxt verilib.
Bundan başqa mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.