Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı mübahisə yaranıb.
APA-nın məlumatına görə, əvvəlcə qanuna edilən dəyişikliklər barədə komitə sədri Rəbiyyət Aslanova məlumat verib. Komitə sədri dəyişikliklərin iki hissədən ibarət olduğunu deyib. Birinci hissədə təklif olunan dəyişikliyə görə, dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa və yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz, güzəşt qəbul edə, təklifə razılıq verə bilməz. İkinci dəyişiklik isə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılar da), audio və video materiallar, mal və məlumatlar və dini məzmunlu başqa məlumat materiallarla bağlıdır. Dəyişikliyə əsasən, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış yuxarıda qeyd olunan materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzakət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.
Müzakirələr zamanı deputatların əksəriyyəti dəyişiklikləri ciddi narazılıqla qarşılayıblar. Deputat Fazil Mustafa deyib ki, qanuna bu dəyişiklik QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı, dövlətin maraqlarına xidmət etmir: “Əgər bu dəyişiklik hansısa dini qurumun xaricdən maliyyələşməsinə yönəlibsə, bu düzgün taktika deyil. Bu qanuna dəyişiklik edilərsə, həmin təşkilatlar xarici kəşfiyyatlardan maliyyələşməni gizlin yolla alacaqlar”.
F. Mustafa qeyd edib ki, qanun pozuntusuna görə nəzərdə tutulan cərimələr də adekvat deyil və çox yüksəkdir. Deputat dini ədəbiyyatın markalanmasını da absurd hesab edib. İlyas İsmayılov da F.Mustafanın mövqeyini dəstəkləyərək dəyişikliklərin əleyhinə olub.
Millət vəkili Cavanşir Paşazadə də dəyişikliyə sərt etiraz edib. O bildirib ki, qanunda nəzərdə tutulan dəyişiklər çox qəlizdir. Onun sözlərinə görə, indi dini ədəbiyyatı yaymaq istəyənlər müasir texnologiyalar istifadə edirlər. Bu işi internet vasitəsilə həyata keçirmək mümkündür. C. Paşazadə deputat İlyas İsmayılovun “bu məsələdə Şeyxülislam Allahşükür Paşazadəyə etibar etmək olar” replikasına cavab olaraq isə deyib ki, onsuz da bu məsələnin QMİ sədrinə heç bir aidiyyəti olmayacaq: “Bu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə aid məsələdir”.
İanələr ilə bağlı dəyişikliklərə də münasibət bildirən C. Paşazadə qeyd etdi ki, bu da düzgün dəyişiklik deyil: “Əgər kimsə jest edib 200 manat yox, 500 manat ianə verirsə bunun nəyi qəbahətdir? Yaxud 200 manat verirsə, bunu köçürmə ilə etməlidir? Onsuz da ianə edənlər hansı yolla olursa-olsun missiyalarını davam etdirəcəklər”.
R. Aslanova isə deputatlara cavab olaraq bildirib ki, bu məsələ əslində bir milli təhlükəsizik məsələsidir: “Dəyişikliklərdə qeyd olunan məsələlərə nəzarət olunmalıdır. Əgər bu gün nəşriyyatlar müxtəlif formada zərərli dini ədəbiyyatlar yayırlarsa, buna nəzarət olunmalıdır. Xüsusilə xristian dininə aid mürtəce ədəbiyyatların yayılmasının əleyhinəyəm. Elə bu yaxınlarda transhumanizmə aid ədəbiyyat yayılmışdı ki, bu da çox təhlükəli tendensiyadır. Ona görə də dini ədəbiyyatların yayılmasına ciddi nəzarət olmalıdır”.
Qanun layihəsi plenar iclasa tövsiyə olunub.