“Bentley”də döyülməyin bədəli... – <span style="color:red;">BİZİM ŞƏRH
17 mart 2015 18:49 (UTC +04:00)

“Bentley”də döyülməyin bədəli... – BİZİM ŞƏRH

Cəmiyyət, sosial şəbəkələr və media dünən gecədən bəri Xəzər Universitetinin təsisçisi və rektoru, tanınmış ictimai xadim Hamlet İsaxanlının qızının gecəyarı küçədə döyülməsini müzakirə edir.

 

Hadisənin mahiyyəti budur ki, Ülkər İsayeva gecəyarı tanışları olan Zaur və Elin Məmmədov qardaşları tərəfindən küçədə fiziki təzyiqə məruz qalıb, onu "Bentley" markalı maşınından (bəzi məlumatlara görə, maşın onun yox, tanışı Şaiq Məmmədovun olub) düşürüb küçədə sürüyüblər. Sonra ürəyi soyumayan gənclər Ü. İsayevanı yenidən maşına mindirərək, bu dəfə içəridə döyüblər. Təxminən belə bəsit detektiv film ssenarisinə bənzəyən, heç də qeyri-adi olmayan, gecə həyatına öyrəşmiş adamların hər an qarşılaşa biləcəkləri bir olay baş verib.

 

Bura qədəri elə də maraqlı deyil. Qeyd etdiyimiz kimi, adi dava-dalaşdı.

 

Maraqlı olanı bundan sonra baş verənlərdir. Ü. İsayeva onu küçədə sürüyənlərdən şikayətçi olmayıb, hətta hər saniyəsi qeydə alınmış video görüntülər olmasına rəğmən döyülmədiyini deyib, onun ziyalı atası hadisəni, bu hadisənin obyektlərini və qızını döyənləri yox, jurnalistləri "alçaq, əclaf" adlandırıb.

 

Hadisəni törədənlərin keçmiş hakim, kriminal avtoritet balaları olması barədə söz-söhbətlər yayılsa da, onların valideynlərinin nə işlə məşğul olması barədə  dəqiq, təsdiqlənmiş məlumat yoxdur. Məlum olur ki, Bakı Şəhər Prokurorluğunun təqdimatına rəğmən məhkəmə bu adamları azadlığa buraxıb. İşə baxan hakim isə qərarını şikayət olmaması ilə əlaqələndirib.  

 

***

 

Dünən deputat Fazil Mustafanın maraqlı açıqlaması var idi. O demişdi ki, cəmiyyətdə mənəvi deqradasiyaya yol açan belə hallarla bağlı mütləq ictimai müzakirələr açılmalıdır. Bu insanlar ictimai qınaq obyektinə çevrilməlidir. Fazil Mustafanın bu olaydan mediadan əvvəl xəbərdar olub-olmadığını deməyə çətinlik çəkirik. Hər halda deputat haqlıydı.

 

İnsanı döymək, ona işgəncə vermək, aşağılamaq olmaz. Bunu edən şəxs və ya şəxslər şikayət olub-olmamasından asılı olmayaraq cəzasız qalmamalıdı. Həbs qətimkan tədbirinin mahiyyəti cəmiyyət arasında özünü apara bilməyən adamların cəmiyyətdən təcrid edilməsi və islah olunmasıdır. Hələlik hadisəni törədən cavanların vəzifələri, özlərinin və ya ailələrinin hansı mənsəb sahibi olmaları ilə bağlı yalnız mülahizələr var. Bütün hallarda bu davranışlar, bu həyat tərzi, o "Bentley" bu adamların sıradan biri olmadığını, məhz pulları ilə seçildiklərini təsdiqləyir... 

 

Məsələnin ikinci tərəfi isə Ülkər İsayeva, yəni Hamlet İsaxanlının qızı ilə bağlıdır. O, döyüləndir, zərərçəkmişdir və bu situasiyada müdafiə olunmalıdır. Amma...

 

Bax, bu amma var. Və bizi maraqlandıran da o ammadı... Əslində elə dediyimiz mənəvi deqradasiya, cəmiyyətdəki obrazın sındırılması da ordan başlayır.

  

Hüquq və məntiq deyir ki, bu adam birinci özü-özünü müdafiə etməlidir.

 

Bir qadın onu bu hala salan, bu qədər aşağılayan, alçaldan adamlardan niyə şikayətçi olmamalıdır? Ali təhsilli, hüququ bilən, haqqını tanıyan, şəxsiyyətinə hörmət edən qadın bunu necə sinirə bilər? Necə "sevgiliyəm" deyib, üstündən keçər? Azad insan olmaq gecə yarısı istədiyi dəstəylə əylənmək, "İnstagram" səhifəsini "azad olduğunu göstərən sevimli fotolar"la bəzəmək deyil axı. Azad qadın bir kişinin təpiyinin, o biri kişinin  yumruğunun, iki maşın arasında sürünməyinin davasını necə etməz? "Bentley"də gəzməyin bədəli heç bir halda "Bentley"də döyülmək olmamalıdı.

 

Yəqin ki, cavab var: Ülkər İsayeva indi baş verən söz-söhbətin, müzakirənin açılmasını, özünün və atasının cəmiyyətdə eninə-boyuna müzakirə edilməsini istəməyib.

 

Bax, ondan o klişe sual ortaya çıxır: "Bunu istəməyən, cəmiyyətin etalonlarını qəbul edən və bununla hesablaşan qadının gecə saat 5-də küçədə, o dəstənin içində nə işi vardı?" Əgər Ülkər İsayeva bunu adi həyat hadisəsi hesab edib, cəmiyyəti vecinə almasaydı, onda bu olayın ictimailəşməsindən qorxmayaraq hüquq çərçivəsində ölçü götürülməsini istəməliydi. İstəməyibsə, deməli, cəmiyyətin onun özü və ailəsi haqqında nə düşündüyü onun üçün önəmlidi.

 

"Azad insandır, öz həyatını yaşayır", "Heç kəsi yarğılamağa haqqımız yoxdur", "Hər kəsin şəxsi həyatı ona məxsusdur" kimi frazaları qəbul edirik. Azərbaycanda da, Avropada da yüzlərlə gənc, orta yaşlı gecə kafelərdə, barlarda əylənir, dostluq edir, tanış olur. Onlara belə yaşamaq xoşdu, belə yaşayırlar. Heç kimin bunu yarğılamağa haqqı yoxdu.

 

Amma razılaşın ki, bunu eləyənin bir ictimai xadimin, ziyalının övladının olması elə Avropada da böyük müzakirəyə çevrilir, Azərbaycanda da. Avropa da bir universitet təsisçisinin , tanınmış ziyalının qızı gecəyarı küçədə sürüklənəndə onun səbəbi axtarılır.

 

***

 

Bir neçə gün öncə deputat Hadi Rəcəbli sosial şəbəkələrin, cəmiyyətin müzakirə mövzusu idi. Müəllimlə bağlı dediyi bircə cümləyə, bir misala görə...

 

Hamlet İsaxanlı müəllimin özüdü. Onun bu cəmiyyətin müəyyən hissəsi tərəfindən qəbul olunan ziyalı obrazı var, yüzlərlə tələbəyə dərs deyib. Yüzlərlə gənc özü üçün onun həyatını, yaşayışını, davranışını, fəlsəfəsini nümunə kimi müəyyənləşdirib.

 

Cəmiyyətdəki obrazı sındırmağa isə kimsənin haqqı yoxdu. Hər dəfə bir obraz çilikləndikcə, nümunələr azaldıqca bundan təkcə o obrazın kölgəsində yaşayanlar yox, bütövlükdə cəmiyyət itirir.

 

 

***

 

Hamlet İsaxanlı isə bu gün medianı ittiham etdi, instinktiv ata hissə ilə qızını qorudu, "alçaqlar, əclaflar"  deyib mediaya yükləndi. Gəlib haqq-hesab çəkməklə hədələdi. Rəsmi dövlət qurumlarının təsdiqlədiyi, video görüntüsü olan bir olayı "olmayıb, yalandı, baş verməyib" deyə təkzib etməyə çalışdı. Normal, klassik, övladını qoruyan bir ata obrazı...

 

Halbuki çıxıb danışa, olanları etiraf edə, yenə qızının haqqına sahib çıxa, onun yanında ola bilərdi. Həm də ziyalının digər atalardan bir mühüm fərqi olmalıdı axı. O, obrazını qorumalıdı, övladını, doğmasını yox! Çünki onun obrazından təsirlənib "adam ola biləcək" yüzlərlə övlad böyüyür bu cəmiyyətdə... 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar