“Azəriqaz” İstehsalat Birliyinin işdən çıxarılan qadın əməkdaşlarından bir qrupu Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edib. Lent.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, onlar Azərbaycan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşı olmaq istədiklərini deyiblər.
Qadınların bildirdiyinə görə, Rusiya səfirliyinə ünvanlanan həmin müraciəti “Azəriqaz”ın artıq işini itirmiş 25-dən artıq qadın əməkdaşı imzalayıb, lakin vətəndaşlıqdan imtina edib başqa ölkəyə sığınmaq istəyənlərin sayının artacağı gözlənilir: “Rayonlardan da müraciətlər edilir. Hər gün işdən çıxarılanlar var. Dövlət Neft Şirkətində isə müraciətimizə cavab veriləcəyini vəd edirlər. Ombudsman Aparatı da müraciətimizin iki günə araşdırılacağını demişdi. Amma hələ də cavab yoxdur. Biz ləğv olunmuş iş yerlərinin müqabilində işlə təmin olunmağımızı tələb edirik, başqa tələb və istəyimiz yoxdur”.
İşdən çıxarılmış qadınlar ixtisarlar zamanı onlara qarşı haqsızlıq olduğunu qeyd ediblər: “Uzun illərdir bu sahədə çalışanlar işdən çıxarılır. Amma rəislərə yaxın adamların iş təcrübəsi, qeyri-ixtisas sahibi olmaları nəzərə alınmır”.
“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev Lent.az-a bildirib ki, həmin qadınlar bir neçə gün əvvəl idarəyə dəvət edilib: “Onlara izah edilib ki, strukturun təkmilləşdirilməsi işləri çərçivəsində ixtisara düşüblər. Artıq onlar sərbəstləşmiş şəxslərdirlər və işdən çıxarıldıqdan sonra nə etdiklərindən xəbərimiz yoxdur”.