Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi kütləvi informasiya vasitələrində qurumda struktur dəyişiklikləri barədə dərc olunan müxtəlif xarakterli məlumatlarla bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumata görə, bu məlumatlar həqiqəti əks etdirmir:
““Azəriqaz” İB tərəfindən texniki baxışların keçirilməsinin vacibliyi nəzərə alınaraq, mənzildaxili texniki baxışların keyfiyyətinin yaxşılaşdırılması, qaz sızmalarının aradan qaldırılması, binadaxili qaz kəmərlərinə baxış keçirilməsi və prosesin bir mərkəzdən operativ idarə olunması məqsədilə Bakı şəhəri və Abşeron rayonu üzrə yeni bir xidmət yaradılıb. Birliyin idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə yaradılan bu xidmət Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi adlanır”.
”Azəriqaz”dan verilən məlumatda o da qeyd olunur ki, xarici və yeraltı qaz kəmərlərinə vaxtaşırı baxışların keçirilməsi üçün müvafiq təşkilatla müqavilə bağlanmaq ərəfəsindədir. Qurum mobil avtolaboratoriya ilə təchiz olunacaq. Mobil laboratoriya yeraltı və yerüstü qaz kəmərlərində baş verən sızmaların aşkar edilməsi üçün məsafədən idarə olunan lazerli detektor, müxtəlif qaz növlərinin ölçülməsi üçün əldə gəzdirilə bilən fərdi qaz analizatorları, sinxronlaşdırılmış videomüşahidə sistemi və s. ən müasir avadanlıqlarla təchiz olunub:
““Azəriqaz” İB bir daha bəyan edir ki, Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismarı sahələrinin ləğv edilməsi barədə deyilənlər həqiqətəuyğun deyil və ümumiyyətlə, yaxın vaxtlarda bu region üzrə hər hansı struktur dəyişikliyi gözlənilmir. “Azəriqaz” İB bir daha KİV-i Birliyin strukturunun təkmilləşdirilməsi prosesinin işıqlandırılması zamanı daha diqqətli olmağa, obyektivliyə riayət etməyə və sensasiya axtarmamağa çağırır”.