“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Peşəkar sürücü; yol hərəkətində hüquq və vəzifələr” layihəsi həyata keçirir. Lent.az-ın məlumatına görə, layihə çərçivəsində çap olunmuş materiallar, yeni yaradılmış “Avtosfer.az” saytının və layihənin təqdimatı keçirilib. Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov, “Diqesta” hüquq firmasının rəhbəri, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov, ekspert Ramil Osmanlı iştirak ediblər.
İctimai Birliyin rəhbəri Elməddin Muradlı qeyd edib ki, son günlər yol hərəkətinə aid qanunvericiliyə edilməsi gözlənilən dəyişiklər sürücüləri sevindirməklə yanaşı, həm də onları narahat edir: “Bal sisteminin ləğvi ilə bağlı daxili işlər naziri Ramil Usubovun Prezident Administrasiyasına müraciət etməsi müsbət qarşılanır. Lakin texniki qurğular vasitəsi ilə qeydə alınan qayda pozuntularının avtomatik rejimdə çalışan cihazlar vasitəsi ilə dərhal çap edilib sürücüyə SMS vasitəsi ilə məlumat verilməsi bir qədər çaşqınlıq yaradıb”.
E. Muradlı onu da vurğulayıb ki, sürət həddinin aşılması, avtomagistralda yarış keçirən imkanlı şəxslərin övladlarının kobud qayda pozuntularına yol verməsi, bəzilərinin məsuliyyətdən kənarda qalması doğru sayıla bilməz.
“Avtosfer.az” saytı haqqında da məlumat verən Birlik sədri bildirib ki, adıçəkilən sayt hər kəsin saytıdır. Burada sürücülər həm yol hərəkətlərinə aid yeni qaydalarla tanış ola, həm də onları maraqlandıran suallara cavab tapa bilərlər.
Bakı şəhər DYPİ-nin şöbə rəisi V. Əsədov isə çıxışında paytaxtda baş verən yol qəzaları barədə məlumat verib.
Daha sonra tədbirdə iştirak edən yol hərəkəti üzrə ekspertlər sürücülərin məsuliyyətlərinin artırılmasının vacibliyinə toxunublar.