“Araqsız da hər şey gözəldi” – MARAQLI ADAMLAR
19 oktyabr 2013 12:00 (UTC +04:00)

“Araqsız da hər şey gözəldi” – MARAQLI ADAMLAR

İndi haqqında söz açacağım və oturub söhbətləşdiyim müəllimim mənə yuxarı sinifdə riyaziyyatdan və həndəsədən dərs deyib. Onu kəndimizdə Paşayev Qəzənfər kimi tanıyırıq. Məktəbdə iki Qəzənfər müəllim olduğundan riyaziyyat müəllimini soyadı ilə ayırırlar.

Uşaq vaxtı mən müəllimin babası Paşa kişini və onun həyat yoldaşı Savad qarını görmüşdüm. Paşa kişi kəndimizin ən uzunömürlü adamı sayılırdı. Müəllimin dediyinə görə babası düz 120 il yaşayıb.
Qəzənfər müəllimlə söhbətə onun oğlu Şəmsi ilə getmək istəyirdim. Şəmsi mənim kənddəki dostlarımdandı. Birinci dəfə müəllimimgilə birgə getdik, lakin onu evdə tapa bilmədik, ikinci gün görüşə tək getdim. Müəllimin kiçik oğlu Paşa Bakıda xırda kommersiya ilə məşğul olduğundan ata yurdunu yaxşıca şənləyib. Həyətdə gözəl şərait yaradıb. Havanın xoş keçməsindən istifadə eləyərək bayırda oturub söhbətləşdik.
Qəzənfər müəllim çox ciddi adamdı, dərsdə şagirdlə zarafat elədiyini görməmişəm. Lakin kəskin ironiyası var. O, rayonumuzda da güclü riyaziyyat müəllimi kimi tanınır.
Yadımdadı, bir vaxtlar söz gəzirdi ki, universiteti bitirdikdən sonra onu müəllim kimi saxlamaq istəyirlərmiş.

O vaxtlar Qəzənfər müəllimin əmisi İsa Məmmədov universitetin hüquq kafedrasının müdiri idi. İsa müəllim həm də televiziyada “İnsan və qanun” verilişinin aparıcısı idi. Ümumiyyətlə bu ocaqda ali təhsili olmayan adam yoxdu.

Hə, müəllimimin həyətində oturub söhbətləşirik.

 

- Müəllim, sizi belə gümrah gördüm, mənə çox xoş oldu. Necəsiniz?

 

- Yaxşıyam, çox sağ ol, mən də səni gördüm, şad oldum.

 

- Müəllim, neçənci ildə doğulmusunuz?

 

-1940-cı ildə.

 

- Bunu dəqiq bilirəm ki, universiteti bitirmisiniz.

 

- Bəli, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişəm. 

 

- O vaxt deyirdilər ki, Sizi universitetdə saxlamaq istəyirlərmiş.

 

- Universitetdə yox, Politexnik İnstitutunda müəllim işləmək təklifi almışdım, ancaq razı olmadım, kəndə gəlməyi üstün tutdum. Ümumiyyətlə, Bakıda çox darıxırdım. Təyinatımı da qonşu  İbrahimhacılı kəndinə verdilər. 1962-ci ildən 1969-cu ilə qədər o məktəbdə riyaziyyat müəllimi və tədris işləri üzrə direktor müavini işlədim.

 

- Demək 7 il piyada gedib-gəlmisiniz.

 

- Hə, o vaxtlar maşın da çox az idi. Orta məktəbin yuxarı siniflərini də qonşu Alakol məktəbində bitirmişəm. Oraya da piyada gedib-gəlirdik.

 

- Sizin əminiz çox nüfuzlu adam idi, yəqin tələbəlik illərində onların evində qalmısınız.

 

- Düzdü, əmimgilə tez-tez gedərdim, hal-əhval tutardım, ancaq qalacaq yerim yataqxana idi. Yataqxana çox rahat idi, çünki adam öz tələbə yoldaşları ilə ünsiyyətdə olanda dərslərə hazırlaşmaq da asan olurdu.

 

- Bəs, əminiz sizin oxumağınıza kömək eləyirdimi, yəni sizi müəllimlərə tapşırırdımı?

 

- Qətiyyən! Mən hansısa imtahandan kəsildiyimi əmimə desəydim, əksinə, məni danlayardı. Özü də mən Universiteti əla qiymətlərlə oxuyurdum.

 

- Müəllim, neçə yaşında ailə qurmusunuz?

 

- 1966-cı ildə Mədinə xanımla evlənmişəm. 26 yaş eləyir. Bildiyin kimi, üç qızım, iki oğlum var. Pərvanə, Naibə, Mehparə, Şəmsi, Paşa.

 

- Uşaqlarınızın hansını daha çox istəyirsiniz?

 

- Hamısını eyni məhəbbətlə istəyirəm. Həm də mən övladlarımın hamısı ilə dostam. Ona görə məndən heç nəyi gizlətmirlər.

 

- Ancaq Şəmsi sifətcə sizə çox oxşayır.

 

- Şəmsi ağıllı oğlandı.

 

- Müəllim, məncə siqaret çəkmirdiniz.

 

- Siqaret heç vaxt çəkməmişəm, ancaq xoş günlərdə araq içmişəm. İçki içməyin özü bir mədəniyyətdi. İçə bilmişəm yəni.

 

- Bəs indi içirsinizmi?

 

- Yox, ta 74 yaşım var, araqsız da hər şey gözəldi.

 

- Heç Mədinə xanımla dalaşırsınızmı?

 

- Mədinə xanımın sayəsində evimizdə həmişə sülh var.

 

- Müəllim, arada kənd nümayəndəliyində də işlədiniz.

 

- İşlədim, bəli. Məni orada lazım bildilər. 1995-ci ildən 2000-ci ilə qədər kənd sovetində müavin vəzifəsində çalışdım. Sonra yenə qayıdıb müəllimlik elədim. 2011-ci ilə qədər müəllimlik eləmişəm.  Düz, 49 il dərs demişəm. 72 yaşımda təqaüdə çıxdım.

 

- Nə qədər təqaüd alırsınız?

 

- 224 manat verirlər.

 

- Bəs indi dərs demək həvəsiniz varmı?

 

- Əlbəttə! Bu saat çox həvəslə dərs deyərdim.

 

- Müəllim, ən çox sevdiyiniz şagirdlər kimlər olub?

 

- Mənim sevmədiyim şagirdim olmayıb. Əlaçını da, sinifdə qalanı da sevmişəm. Heç bir şagirdə qarşı nifrətim olmayıb.

 

- Bəs məndən bir şagird kimi razısınızmı?

 

- Əlbəttə razıyam! Səndə heç vaxt ədəbsizlik görməmişəm.

 

- Söhbətə görə çox sağ olun, müəllim! Salamat qalın!

 

- Sən də sağ ol! Uğurlar arzulayıram! 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1999
avatar

Murad Köhnəqala

Oxşar yazılar