İnformasiya Texnologiyaları Universitetinin bir qrup tələbəsi “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində ekskursiyada olub. Ekskursiya “Azərkosmos”un inzibati binası ilə tanışlıqla başlayıb. Tələbələrə qurumun fəaliyyəti haqqında ətraflı məlumat verilərək bildirilib ki, 2010-cu il 3 may tarixində təsis edilən “Azərkosmos” Qafqazda əsas peyk operatorudur. Müəssisənin əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilib. ASC peyk rabitəsi əsasında yayım və geniş zolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinin yüksək etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində iş aparır.
Peyk Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin mətbuat üzrə meneceri Kamran Əliyev deyir ki, hazırda təhsil alan tələbələrin gələcəkdə potensial kadr olaraq yetişməsində belə ekskursiyaların rolu önəmlidir.
Tələbələr həmçinin ekskursiya zamanı ehtiyat yerüstü peyk idarəetmə mərkəzi ilə də tanış olublar. Burada tələbələrə peykin idarə olunması üçün müxtəlif təyinatlı antenalar, onların funksiya və fəaliyyəti barədə informasiya verilib.
“Azərkosmos”a tanışlıq ekskursiyası
1866